21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avropa ölkələri İranı ABŞ-dan belə qoruyacaq

02.02.2019

Almaniya, Fransa və Böyük Britaniyanın yaratdığı xüsusi hesablama mexanizmi (İNSTEX) kifayət qədər işlək olacaq.
Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert sözügedən mexanizmin fevralda fəaliyyətə başlayacağını bildirib:
"İranla bütün iqtisadi əlaqələr, mal və pul mübadilələri məhz həmin mexanizm vasitəsilə həyata keçiriləcək. Almaniya, Fransa və Böyük Britaniyanın birgə yaratdığı mexanizm dövlət şirkəti olduğundan ABŞ-ın ona sanksiya tətbiq etməsi mümkün deyil. ABŞ-ın da bununla bağlı ciddi addım atacağını düşünmürən. Çünki üç dövlətin təsis etdiyi şirkətə hər hansı sanksiya tətbiq etmək Avropa Birliyi ilə soyuq və ya ticarət müharibəsinə səbəb ola bilər. Bu da indiki halda ABŞ üçün sərfəli bir çıxış yolu deyil”.
N.Cəfərli qeyd edib ki, İranın da maraqlı olduğu yeni mexanizm əslində çox sadədir:
"Belə ki, İran resursları üç dövlət tərəfindən təsis olunan həmin şirkətə satılacaq və satılan neftin pulu İrana deyil, məhz həmin şirkətə daxil olacaq. Şirkət isə həmin vəsaiti Avropa şirkətlərinin hesabına köçürəcək. Avropa ölkələri də bunun müqabilində İrana mal satacaqlar. Söhbət əsasən humanitar avadanlıqların satışından gedir. İrana xidmət göstərən Avropa şirkətləri də həmin üç dövlətin təsis etdiyi şirkətlə müqavilə bağlayacaqlar. Belə olan halda Avropa şirkətləri İrandan birbaşa vəsait almayacaqlar və nəticədə də hər hansı bir formada sanksiya ilə üzləşməyəcəklər. O üzdən də hesab edirəm ki, bu, effektli bir mexanizmdir və İrana qarşı sanksiyaları kifayət qədər zəiflədəcək”.
İqtisadçı bildirib ki, İran hazırda Avropa üçün çox əlverişli bir bazardır:
"Fikir verirsinizsə, İranla nüvə anlaşmasından ABŞ-dan başqa hələ heç bir ölkə çıxmayıb. Avropa Birliyi və Rusiya sazişə sadiq qaldıqlarını bəyan ediblər. Avropa Birliyi nüvə sazişinin tərkib hissəsi kimi İran bazarında özünə yer tutmağa çalışır. Çünki İran 80 milyonluq böyük, kifayət qədər xidmət və mallara ehtiyacı olan bir bazardır. Ona görə də Avropa şirkətləri aktiv şəkildə həmin bazarda mövqe tutmağa çalışacaqlar”.
Ekspert hesab edir ki, İran yeni yaradılan mexanizm qarşılığında Avropa Birliyinin bəzi tələblərini qismən də olsa, yerinə yetirə bilər:
"Avropa Birliyinin İran qarşısında əsas tələblərindən biri terror təşkilatlarının maliyyələşdirilməsinin dayandırılması ilə bağlıdır. İran Hizbullah və FAT təşkilatlarının maliyyələşməsini artıq birbaşa deyil, dolayı yollarla davam etdirəcək. Bu isə müəyyən dərəcədə ABŞ-ın yumşalmasına səbəb ola bilər”.
Qeyd edək ki, Almaniya, Fransa və Böyük Britaniya İranla hesablaşma mexanizmi İNSTEX-i (Ticarət mübadiləsinin dəstəklənməsi üçün alət) yaradıb. İNSTEX qurumunun mərkəzi ofisi Fransada yerləşəcək.