Nikolun düşdüyü pis vəziyyət
02.02.2019
Qlobal, regional və xüsusilə də daxili tarazlıqları və tərəflərin mövqelərini diqqətə alsaq, görərik ki, 2019-cu ildə də Qarabağ məsələsinin həllini təmin edən sülh müqaviləsi imzalanması ehtimalı zəifdir.
Bu sözləri açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, öz hakimiyyətinin daxildəki siyasi, inzibati, ictimai, iqtisadi və təhlükəsizlik dayaqlarını möhkəmlətmədən və Qarabağdakı separatçıları nəzarətə almadan Ermənistanın Baş naziri Nikol Paşinyan bu addımı atmayacaq:
"Bu bir il ərzində Paşinyan və komandasının fəalliyyətinin 4 əsas istiqaməti olacaq. Birincisi, Ermənistandakı daxili dayaqlarını möhkəmlətmək və verdiyi iqtisadi-siyasi vədləri yerinə yetirməyə çalışmaq, ikincisi, Qarabağ klanını korrupsiya ilə mübarizə və xalqa qarşı silahlı cinayətlər səbəbiylə zəiflətmək və onların Qarabağ uzantılarını öz tərəfinə çəkmək, hətta mümkün olarsa, bəzilərini sıradan çıxartmaq; Üçüncüsü, Azərbaycanla müzakirə qapısını açıq tutmaq, etimad müstəvisi yaratmaq və Qarabağ klanının cəbhədə daha çox gərginlik yaratmaq cəhdlərinə mane olmaq; Dördüncüsü, Rusiyanın qəzəbini üstünə çəkməmək üçün ehtiyatlı addımlar atmaq. Ancaq Paşinyan Rusiya ilə münasibətlərin mərkəzinə ikili münasibətləri deyil, Avrasiya İttifaqı və KTMT kimi ortaq təşkilatları çəkmək niyyətindədir”.
N.Cəfərsoy vurğulayıb ki, bu dörd çətin iş Paşinyan və komandasını tez-tez bir-biri ilə ziddiyyətli addım və ya açıqlamalara sövq edəcək:
"Bu ziddiyyətlərin ən çox özünü göstərdiyi yer isə Qarabağ mövzusundakı açıqlamalar olacaq”.