Nobel mükafatının istehzalı tarixi
30.01.2019
"Nobel" dedikdə, əksər insanın yadına məşhur isveçli kimyaçı Alfred Nobel, dinamitin ixtirası, yenilik etmiş alimlərə və siyasətçilərə verilən nüfuzlu mükafat düşür. Lakin çox az insan bilir ki, Alfred Nobelin iki qardaşı olub. Onlar Nobel ailəsinə Azərbaycanın paytaxtı Bakıda neft sənayesi sayəsində böyük var-dövlət qazanıblar. 19-cu əsrin sonlarında dünyada neft hasilatının yarısı Bakının payına düşürdü.
Doğrudur, Alfred Nobel heç vaxt Bakıda olmayıb. Amma onun qardaşları - Robert ilə Lüdviq, həmçinin Nobel nəslinin digər nümayəndələri onilliklər ərzində Bakıda yaşayıblar. Onlar zəngin neft mədənlərilə əhatə olunmuş "Villa Petrolea" malikanəsində məskunlaşmışdılar.
Nobel qardaşları Bakıya təkcə biznes məkanı kimi baxmayıb. Onlar bu şəhəri və Azərbaycanın unikal tarixini sevib.
Amma Nobel Komitəsinin ən nüfuzlu mükafatını SSRİ-nin eks-prezidenti Mixail Qorbaçova verməsini istehza ilə xatırlayıram. Çünki onun adı zorakılıqla, cinayətlərlə anılır. Məsələn, vaxtilə məhz Qorbaçovun qərarı ilə Azərbaycanda yüzlərlə günahsız, mülki vətəndaş qətlə yetirilib. Üstəlik, belə qətliamlar təkcə bizim xalqımıza qarşı törədilməyib...
Qorbaçova Nobel sülh mükafatının təqdim olunmasından cəmi 10 ay əvvəl 26 minlik Sovet ordusu onun əmrilə Bakıya daxil olmuşdu. Onlara dinc nümayişə çıxmış insanları öldürmək əmri verilmişdi. Nümayişçilər Azərbaycanın Sovet İttifaqından müstəqil olmasını tələb edirdi...
Beləliklə, 1990-cı il yanvarın 20-də Sovet ordusunun qanlı qətliamı nəticəsində yüzlərlə kişi, qadın, uşaq qətlə yetirilib, təxminən 1000 nəfər yaralanıb. "Human Right Watch" təşkilatı bu qətliamı sonradan "kollektiv cəzalandırma" aktı kimi xarakterizə edib. Bu, Sovet ordusunun tarixində ölkə şəhərlərindən birini güc yolu ilə ələ keçirdiyi ilk hal idi. Həmin vaxt Bakıda müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər də qətlə yetirilib. Həmin soyuq günlərdə Bakıda hər kəs təhlükədə idi. İnsanları azadlıq arzularına görə evlərində belə, "ovlayırdılar".
Sovet İttifaqı dağılırdı. Bakı Qorbaçovun hakimiyyətinə və regiondakı terror siyasətinə qarşı müqavimət göstərən sonuncu şəhər idi. Xoşbəxtlikdən, Qorbaçov uğursuzluğa düçar oldu. Tarixə "Qara yanvar" kimi düşmüş qanlı hadisənin növbəti günü 1 milyondan çox azərbaycanlı küçələrə axışmışdı. Onlar 20 Yanvar qurbanlarına yas saxlayırdı. O günlərdə zərbaycanlılar bütün dünyaya Sovet İttifaqının təcavüzünə rəğmən, qorxu içərisində yaşamayacaqlarını nümayiş etdirdi. Göstərdilər ki, əksinə, onlar ayağa qalxacaqlar. Sovet İttifaqı Azərbaycanın müstəqilliyinə mane olmaq üçün sonuncu addımını atsa da, azərbaycanlılar qalib gəldilər...
Həmin vaxt azərbaycanlılar Sovet İttifaqının qəddarlığı nəticəsində həyatlarını itirmiş həmvətənlərinin şərəfinə 40 gün yürüşlər keçirdi, ümumxalq tətilinə getdi və s. O anda Azərbaycan xalqının milli hissi, inkişaf və sülh yolu ilə getmək istəyi, həmçinin zorakılığa qarşı cəsarəti yenidən dirçəlmişdi.
Bütün bunların nəticəsində, Azərbaycan öz suverenliyini elan etmiş ilk Sovet ölkəsidir. O, müstəqilliyini 1991-ci ildə - Sovet İttifaqı dağılar-dağılmaz elan edib.
Nobel sülh mükafatı isə Azərbaycanda mülki vətəndaşların qətlində, yaralanmasında əli olan şəxsə verilib. Lüdviq ilə Robert Nobellər yaşasaydılar, bu xəbərə necə reaksiya verərdilər? Bunu təsəvvür belə, edə bilmirəm. Çünki onlar uzun illər məhz Azərbaycanda yaşayıb, buranı öz evləri sayıblar. Nobellər var-dövlətlərinin böyük hissəsini məhz burada qazanıblar. Bu var-dövlətinin böyük hissəsi isə məhz Nobel Fonduna verilib. Bu maliyyə yardımı olmasaydı, Nobel mükafatı da olmazdı.
Bundan başqa, Nobel qardaşları Azərbaycanı gözəlləşdirmək üçün müxtəlif binalar, evlər tikdirib, bu ölkədə gələcəklə bağlı xəyallar qurublar. Onlar azərbaycanlılarla qonşu və dost kimi, çiyin-çiyinə yaşayıb.
20 Yanvar faciəsindən 29 il keçib. Bu gün Azərbaycan enerji, texnologiya, diplomatiya və s. sahəsində inkişaf edir. O, multikultural və dinlərarası harmoniyanın mövcud olduğu ölkədir. Burada müsəlmanlar, xristianlar, yəhudilər, bəhailər və digər xalqlar sülh, qarşılıqlı hörmət şəraitində yaşayır. Bu gün Nobelin ruhu - yenilik, cəsarət, yaradıcılıq və ümid - Bakıda və bütün ölkədə mövcuddur. Odur ki, Nobel qardaşları müasir Azərbaycandan razı qalardılar. Çünki Azərbaycan biznes, enerji sahəsində liderdir, həmçinin şübhəsiz ki, ən vacib məsələyə - sülhə dəstək verən əsas dövlətdir.
JEWISH JOURNAL, ABŞ