“Los Angeles Times” qəzeti: Ermənistan Xocalıda soyqırımı törədib
05.03.2018
ABŞ-ın nüfuzlu "Los Angeles Times” qəzetinin ispandilli versiyası olan "Hoy Los Angeles” qəzetində 2 mart 2018-ci il tarixində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştat Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında məqalə dərc edilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumatda bildirilir ki, 1 milyonluq tiraja malik "Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzu gündən-günə güclənməkdədir.
Məqalədə müəllif Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verərək, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, Xocalıda Ermənistan tərəfindən çoxlu sayda günahsız azərbaycanlıya qarşı soyqırımının həyata keçirildiyini, ümumilikdə Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığını qeyd edir.
A. Masiel, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş, Ermənistanın ölkəmizə qarşı təcavüzünü pisləyən dörd qətnaməyə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirir. O, həmçinin bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edildiyini vurğulayaraq diqqətə çatdırır ki, bu sənədlərdə işğalçı dövlət kimi tanınan Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlər törətməsi qeyd olunur.
Sonra A.Masiel bir neçə gün öncə Kaliforniya Ştat Senatında ölkəmizə Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmə haqqında danışaraq, bu dinləmənin erməni lobbisi üçün gözlənilən nəticə vermədiyini qeyd edir. O, mövcud 40 Kaliforniya senatorundan yalnız ikisinin dinləməyə qatıldığını, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvlərinin dinləmədə iştirak edərək, müxtəlif suallarla çıxış etdiklərini, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliamların nə üçün Senat tərəfindən pislənilmədiyini soruşduqlarını və bu kimi suallarla dinləməni aparan senator Entoni Portantinonu məsələyə birtərəfli yanaşmaqda ittiham etdiklərini, senatorun isə bu suallardan hər vəchlə yayındığını bildirir.
Sonda müəllif Kaliforniya Senatının Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərkən, ədalət prinsipinə sadiq qalaraq, hər iki tərəfin fikirlərini dinləməyə borclu olduğunu vurğulayır.
"DM"