Rəcəb Tayyib Ərdoğan Rusiyadadır
23.01.2019
"Dövran Media" Report-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfərə gedib.
"Anadolu” agentliyinin verdiyi xəbərə görə, onu səfərdə müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Cahit Turhan, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın müşaiyət edir.
R.T.Ərdoğan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Bu, dövlət başçıları arasında 2019-cu ildə ilk görüş olacaq. Prezidentlər Türkiyə-Rusiya münasibətlərini, Suriyadakı vəziyyəti və bir sıra bu kimi məsələləri müzakirə edəcəklər.
Səfər bir gün davam edəcək.
Qeyd edək ki, 2018-ci ildə R.T.Ərdoğanla V.Putin arasında 7 təkbətək görüş olub. Dövlət başçıları 18 dəfə telefonla danışıblar.