Külək məktəblərə ziyan vurub - RƏSMİ
18.01.2019
Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub:
"Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır. Həmçinin, güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır”.
Qeyd edək ki, hava şəraiti ilə bağlı BŞTİ-də Qərargah yaradılıb. Qərargahın yaradılması ilə bağlı bütün məktəb direktorları öncədən məlumatlandırılıb, xüsusi hallara dair hərəkət təlimatı verilib.
Qərargah 24 saat fəaliyyət göstərir. Hər hansı xüsusi hal baş verdikdə məktəb rəhbərləri Qərargah üçün müəyyən edilmiş əlaqə vasitələrinə dərhal məlumat verirlər.