Prezidentdən yanğınla bağlı - SƏRƏNCAM
02.03.2018
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
"Dövran Media" sərəncamın mətnini təqdim edir:
1. Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının Baş prokuroru
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı
2. Dövlət Komissiyası:
2.1. hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;
2.2. hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;
2.3. yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;
2.4. Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
2.5. Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etsin;
2.6. görülmüş işlər haqqında mütəmadi məlumat versin.
3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsinlər.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.