Bu dövlət qurumları ləğv edildi: İşçilərin taleyi
15.01.2019
Prezidentin sərəncamı ilə ləğv edilən qurumlarda çalışanlardan dövlət qulluqçusu statusu olan şəxslər vakant yerlərdə yerləşdiriləcək.
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, dövlət qulluqçusu statusu olmayanların da yeni açılan və sonradan açılacaq agentliklərdə təyinatı üzrə yerləşdirilməsi prosesi gedəcək.
İqtisadçı struktur islahatlarının davamının olacağını da düşünür:
"Növbəti addımları da müşahidə edəcəyik. Hələ bir neçə dövlət idarələrinin, agentliklərin və yaxud da dövlət komitələrinin də ləğvi və ya birləşdirilməsi mümkündür”.
N.Cəfərli ləğv edilən 4 qurumun bir agentlikdə birləşməsinə də münasibət bildirib:
"Məsələn, Prezidentin fərmanına əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Əslində bunun pozitiv nəticələri olmalıdır. Çünki pərakəndəlik aradan qaldırılır və eyni sahəyə xidmət göstərən qurumların bir mərkəzdə birləşməsi yaxşı haldır. Əlbəttə, iş gedişatı vaxtı müəyyən düzəlişlərə ehtiyac yarana bilər”.