Uşaq vaxtı yola çıxanda çox həyəcanlanardım. Gedəcəyim yerin necə olacağı, kimlərlə qarşılaşacağım, o müddətin necə keçəcəyi marağımı çəkərdi. Yol boyu bizi müşayiət edən ağacları , dağları, evləri, meyvə bağçalarını göz yaddaşıma köçürər, sonradan rəsmlərini çəkərdim. Heç unutmadığım bir məqam da var. Dağlara qalxdığımız günlərdə bizə yoldaşlıq edən duman görmə məsafəmizi daraltdığı üçün ara-sıra çay fasiləsi verərdik.
Böyüdükcə fərqinə vardım ki, əslində insanlar əbədi yolçuluq vəziyyətindədirlər. Düşünmə qabiliyyətindən başqa biz insanları digər canlılardan ayıran başqa bir fərqli xüsusiyyətimiz də var. Bizim fərqimiz eyni anda iki səyahətə çıxa bilməyin mümkünlüyündədir: zahiri (real dünya) səyahət və batini (iç dünyamıza ) səyahətimiz. İki fərqli dünyada eyni anda yaşamaq təcrübəsi həyat yolumda qarşılaşdığım hadisələrə fərqli rakurslardan yanaşa bilməyimə səbəb oldu. Balaca ikən atam bizi Azərbaycanın ən gözəl şəhərlərinə, kəndlərinə gəzməyə aparırdı. O cür gözəl insanların yaşadığı o gözəl mənzərəli, uzaq məkanlara getməkçün maşın deyilən vasitədən istifadə edirdik. Bu maşını idarə etməkçün bədən deyilən başqa bir "mexanizmə” ehtiyacımız olurdu təbii ki. Bəs bu "bədən” adlı mexanizmi idarə edən kim idi? Balaca ikən anlamağa çətinlik çəkdiyim, fəqət böyüdükcə çevrəmdəki insanların bu "mexanizm”lərinin zaman keçdikcə necə sıradan çıxdığını gördüm. İnsanlar bu vəziyyətə bir ad verir – xəstəlik! O dönəmdə Məhərrəm babam xəstə idi, bir gün də xəbər tutdum ki, artıq aramızda yoxdur. Ruh niyə tərk etmişdi öz "mexanizm”ini? Uşaq olduğum üçün hadisələrə vahid bir süjet tərəfindən yanaşa bilmirdim. Təbii ki, olaylara da necə varsa elə baxmırdım. Hadisələri sadəcə seyr edirdim. Babam öz mexanizmini qoyub hara getmişdi? Öyrəndim: Allahdan gələn elə onun Özünə də geri dönərmiş . Onda başa düşdüm ki, bədən adlı vasitəni idarə edən ruh imiş. Ruh və Bədən – bir səyahət üçün kifayətdirmi? Bəli, insandan başqa bütün canlılar üçün bu yetərlidir. Amma bizi fərqləndirən digər bir xüsusiyyət də var: düşünmək və duymaq bacarığımız. Psixoloji biliklərə yiyələndikcə isə anladım ki, düşüncə və duyğularımız bədən adlı mexanizmi işlədərək bu səyahətə çıxır. İnsanlar uşaq ikən duyğu və düçüncə sistemləri inkişaf mərhələsində olduğu üçün dünyaya panorama pəncərədən baxaraq hər şeyi şərh etmədən qavrayırvə bu səbəbdən sevgi, mərhəmət, güvən, sevinc və mərdlik hissləri onlarda saf şəkildə təzahür olunur. Fəqət böyüdükcə duyğu və düşüncə sistemimizdə arzu və qorxular artmağa başlayır. Və insan bu arzu və qorxularını həm toplayır, həm də həyatını onlardan ibarət xasiyyətnaməsinə istinadən cəmiyyətə təqdim edir. Bu səbəbdən də panoram – pəncərələri getdikcə daralır, həyatı mənzərələr daha çox bulanıqlaşır. Buna görə də həyat yolumuzda tez-tez qəzalara səbəb olan addımlar atırıq, həmçinin qeyri-ixtiyari olaraq bədən və nəfsimizə də əziyyət veririk. Bəzən bu pəncərə kənar amillərin təsiri ilə də darala bilər. Eynən atamla dağ səfərimizdə dumanın maşının irəliləməsini çətinləşdirdiyi kimi. O vaxt məntiqsiz davransaydıq, qəza qaçılmaz olardı. Bədənimizdə də eyni hal baş verir, vaxt aşırı başqaları və ya həyat şərtləri belə rast salıb deyə, sisli, dumanlı hallarla üz-üzə qala bilərik. Belə məqamlarda ya seçimlərimiz ya da hər şeyə ayıq beyinlə yanaşmağımız bizi vəziyyətdən çıxarır. Hər birimiz tez-tez bilərəkdən, yaxud kortəbii şəkildə müxtəlif seçimlər edirik. Ona görə də həmişə açıqgözlü olmalıyıq.
Həyat yolu nə zahiri, nə də batini yuxuya dalmadan davam edilməli bir xətdir. Əks təqdirdə qarşılaşdığımız hadisələri dar pəncərədən baxaraq şərh edər, həyatımızı da özümüzə dar edərik. Həyat mahnımızı qarmon musiqi aləti ilə ifa edər və özümüzü bu alətin "pərdə”ləri arasında həbs edərik. Qarmon "nəfəs alanda” baxış açımız genişlənər "həyat gözəldir” deyərik, alət daralanda isə dünyaya da o "darlıq”dan baxar, "həyat çox amansız, insafsız və dözülməzdir”deyərik. Hərçənd, həyat həminkidir, dəyişməyib. Eynən zaman kimi. Kimsə ondan necə lazımdı istifadə edər, kimsə sadəcə yelə verər. Yəni insanın bədbəxtlikləri, güvən əksikliyi və qorxularının özəyində hadisələr dayanmır. Əsas mahiyyət o hadisələrə hansı pəncərədən baxmağımızdadır. Baş verən hadisələrə qarşı ilk görəcəyimiz tədbir, pəncərəmiz bulanıbsa, bunu hiss etmək; kirli fikirlərimizdən arınıb pəncərəmizi təmizləmək; yollar "duman”lıykən fasilə verib baş verənləri dərk etmək, yalnız izahlara qaçmadan nə edə biləcəyimizi düşünmək və çıxış yolları axtarmaqdır.
Psixoloq Elgün Quliyev
"DM"