Bu islahatlar öz nəticəsini verəcək - Millət vəkili
05.01.2019
Yola saldığımız 2018-ci ildə Azərbaycanda bütün sahələrdə, ən əsası da iqtisadiyyatımızda böyük uğurlar əldə edilib. Şübhəsiz, hər hansı bir yerdə inkişafdan, uğurdan danışmaq o zaman mümkündür ki, orada dövlətçiliyin qorunması ənənəsi yaranmış olsun. Müasir Azərbaycan tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şübhəsiz, dövlət müstəqilliyi və siyasi azadlıq iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaratdığı kimi, milli iqtisadiyyatın güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib.
"Dövran Media" xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsi sayəsində ölkəmiz neft strategiyasını və təşəbbüskarı olduğu digər strateji və transmilli layihələri yüksək səviyyədə həyata keçirə bilib.
O ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən etibarən bütün sahələri diqqət mərkəzində saxladığını bildirib. Ötən ilin mühüm islahatlarla yadda qaldığını deyən M. İbrahimqızı qeyd edib ki, bu islahatların yüksək səviyyədə həyata keçirilməsi 2019-cu ildə öz nəticəsini verəcək.
Ötən il ərzində ümumi daxili məhsulun, qeyri-neft sektorunun, sənaye istehsalının artdığını bildirən Milli Məclisin deputatı qeyri-neft sənaye sektorunda artımın 9 faizdən çox olduğunu, ixracın təxminən 40 faiz artdığını, ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulduğunu vurğulayıb. O xatırladıb ki, Dünya Bankının "Doing Business 2019” hesabatında ölkəmiz dünya miqyasında 25-ci yerə layiq görülüb.