Xruşşovun Qarabağı istəyən Mikoyana CAVABI - FOTO
04.01.2019
Nikita Xruşşovun siyasi fəaliyyətinə nəzər salarkən belə qənaətə gəlmək olar ki, o öz hakimiyyəti dövründə Azərbaycana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı təkliflərini Xruşşov qətiyyətlə rədd edib. Anastas Mikoyanla yaxın dostluq münasibətlərinə baxmayaraq, Xruşşov bu məsələdə tarixi gerçəkliklərə üstünlük verərək ədalətsizliyə yol verməyib.
Nəhayət, 1964-cü ilin yanvar ayında Nikita Xruşşov Qarabağ məsələsi ilə bağlı Mikoyanın layiqli cavabını verib: "Mən bu gün hazıram ki, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistana bir sutka ərzində köçürmək üçün ora on iki min hərbi yük maşını göndərim”. Bununla da Xruşov Dağlıq Qarabağın Ermənistanın tabeliyinə verilməsi məsələsinə münasibətini tam ortaya qoyub.
Bununla yanaşı, Nikita Xruşşov öz hakimiyyəti dövründə Azərbaycanın sosial iqtisadi inkişafı üçün SSRİ büdcəsindən səxavətlə vəsait ayırıb.
Bu baxımdan 1960-cı ilin aprel ayında sovet Azərbaycanının 40 illiyi münasibətilə Nikita Xruşşovun Azərbaycana səfəri maraqlı hadisələrlə yadda qalıb. SSRİ rəhbərinin Bakıya səfəri zamanı respublika üçün əhəmiyyətli olan bir sıra məsələlər də öz həllini tapıb.
Nikita Xruşşov Bakıya qatarla gəlib. Qarşılanma mərasimindən sonra vağzal ətrafındakı kiçik həyət evlərinə nəzər yetirən ali qonaq Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan soruşub:
- Paytaxt girişindəki bu kiçik və yöndəmsiz daxmalar nədir?
Xruşşovun qəfil sualı Axundovu çaşdırsa da, o, suala dərhal cavab tapıb:
- Nikita Sergeyeviç, bu daxmalarda sakinlər əsasən ev heyvanları saxlayırlar.
Xruşşov başını bulayaraq gülümsəyib:
- Sizin heyvanlarınız, deyəsən, çox savadlıdır. Daxmaların hamısının üstündə antenlər var.
Nikita Xruşşovun respublika stadionunda alovlu çıxışı alqışlarla qarşılanıb. Stadionda SSRİ rəhbərinə Azərbaycanın milli baş geyimi, papaq hədiyyə olunub. Xruşşov dərhal şlyapasını çıxardaraq papağı başına qoyub, şlyapasıyla isə görüşə toplaşanları salamlayıb. Məhz bu görüşdə tarixi bir foto yaranıb: iki papaqlı Xruşşov...
Həmin görüşdə sıravi bir milis əməkdaşının hərəkəti də Xruşşovun diqqətindən yayınmayıb. Toplaşanlar arasından bir qadın Xruşşova məktub vermək istəyəndə milis əməkdaşı kobud şəkildə onun qarşısını almaq istəyib. Bunu görən Xruşşov çox kəskin və sərt şəkildə milis əməkdaşına iradını bildirib və məktubu qadından alıb.
Xruşşovun Azərbaycana səfəri ilə Bakı Metropoliteninin tikintisinin yeni mərhələsi başlanıb. Məlum olduğu kimi, Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantlarında metropolitenin tikintisi qərara alınıb. Qərarın icrası uzun illər yalnız sənəd üzərində qalıb. Təbii ki, 1941-45-ci illər müharibəsi illərində də bu haqda düşünülməyib. Nəhayət, 1951-ci ildə çox kiçik templə metronun tikintisinə başlanılıb. Ancaq qısa bir müddətdən sonra, 1953-cü ildə vəsaitin çatışmazlığı ucbatından tikinti işləri dayandırılıb. Məhz Xruşşovun Bakı səfəri zamanı bu məsələ öz həllini tapıb, tikinti işləri davam etdirilməyə başlayıb.
Xruşşovun Azərbaycana səfəri zamanı dənizdə neftçıxarma sahəsində olan bir çox problemlər də həllini tapıb. Sovet rəhbəri Neft Daşlarında olarkən bu şəhəri möcüzə adlandırıb. Məhz onun göstərişi ilə Neft Daşlarında yeni binalar inşa edilməyə başlanıb, burada işləyənlərin ərzaq və məişət əşyaları ilə yüksək təminatı öz müsbət həllini tapıb, yeni texnikalar və texniki avadanlıqlara təchizat məsələləri kimi problemlər həll olunub.
Xruşşovun Bakı səfəri zamanı onu respublika rəhbərliyi ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri də müşayiət edib. Müşaiyət edənlər arasında ən maraqlı fiqur isə Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnı olub. O, 1959-1961-ci illərdə bu vəzifədə çalışıb. Bu həmin siyasətçidir ki, Nikita Xruşşov onu 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirmişdi. Və bu həmin DTK sədridir ki, 1964-cü ildə Xruşşovun hakimiyyətdən devrilməsində əsas icraçılardan biri olub. Çox yəqin ki, Xruşşov bunları əvvəlcədən bilsəydi, Vladimir Semiçastnı ilə bağlı lazımi qərarları elə Bakıda verərdi.