G.Baxşəliyeva: Nizami məhz Azərbaycan şairidir
04.01.2019
Elmdə mütəxəssislər tərəfindən tam sübuta yetirilib ki, Nizami Gəncəvi məhz Azərbaycan şairdir.
O, Gəncədə, türk ailəsində doğulub, boya-başa çatıb. Nizami birmənalı şəkildə öz övladı haqqında yazır: "İlahi, sən özün türk balasını qoru”. Hansı ata türk olmadan öz övladına "türk balası”, - deyə, müraciət edər, onu türk adlandırar?!
Иunu AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin milli mənsubiyyəti ətrafında yenidən açılan müzakirələrə, onun bəzi müəlliflər tərəfindən fars şairi adlandırılmasına münasibətini bildirərkən deyib.
G.Baxşəliyeva qeyd edib ki, Nizaminin şeir üslubu fars dilində "səbki-Azərbaycani” adlanır:
"Yəni, fars dilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər o üslubda yazırdı və o üslub klassik fars şairlərinin üslubundan xeyli dərəcədə fərqlənirdi. Bu, Nizaminin türk olmasına ikinci çox tutarlı dəlildir. Üçüncüsü, məsələn, rus poeziyasının ən böyük şairi Puşkinin ulu babası Efiopiyadan (Həbəşistandan) olub.
O zaman Puşkini efiop, həbəş şairi adlandırmaq olarmı? Puşkin Rusiyada yaşayıb, rus dilində yazıb, rus və Rusiya reallığını əks etdirib bütün yaradıcılığında.
Nizami də bütün əsərlərində, yaradıcılığında o vaxtkı Gəncənin, Azərbaycanın mənzərəsini yaradıb. İndi ona necə fars şairi demək olar?” - deyən şərqşünas-alim qeyd edib ki, Nizami ona görə farsca yazıb ki, orta əsrlərdə Aralıq dənizindən ta Hindistanacan (Mərkəzi Asiya da daxil olmaqla) bütün regionun şeir dili fars dili idi. "Zəbani farsi xeyli şirin”.
Millət vəkili vurğulayıb ki, fars dili məhz şeirə daha yatımlı gəldiyinə görə, farsca yazmaq bir növ ənənə idi: "Təkcə Nizami deyil, digər dahilər, məsələn, Cəlaləddin Rumi farsca yazıb-yaradırdı.
Onlarca, yüzlərcə digər şairlər də öz əsərlərini farsca qələmə alırdı. Hətta 18-ci əsrdə də elə şairlər olub ki, onlar farsca yazıblar öz şeirlərini.
Baxmayaraq ki, türk dili tam formalaşmışdı, tam inkişaf etmişdi, sadəcə, həmin o fars dili, "gözəl şeir farsca yazılar” ənənəsindən istifadə edərək, farsca yazırdılar. Əşrəf Marağayi, Əbdibəy Şirazi, Saib Təbrizi kimi görkəmli şairlər də öz şeirlərini farsca qələmə alırdılar. Hətta Saib Tərbrizi Hindistanda fars dilli şeirin ən görkəmli nümayəndəsi hesab olunur.
Yaxud böyük hind şairi Əmir Xosrov Dəhləvi Nizamiyə nəzirə olaraq, fars dilində bütöv "Xəmsə” yaradıb. Belə olan təqdirdə, Nizamini fars şairi adlandırmaq həqiqəti əks etdirmir, o, farsca yazan Azərbaycan şairdir”.
Nizaminin fars şairi kimi təqdim edilməsinin haradan qaynaqlanmasına gəlincə, G.Baxşəliyeva bunları bildirib:
"Bir neçə il öncə Misirdə, "İskəndəriyyə” kitabxanasında Nizaminin büstünün açılışında iştirak edirdim. Eyni zamanda, Nizami Gəncəvi haqqında ərəb tədqiqatçısı tərəfindən yazılmış irihəcmli monoqrafiyanın təqdimatı keçirilirdi. Kitabın elə ön sözündəcə müəllif Nizamini fars mədəni irsinin nümayəndəsi adlandırır.
Onun Nizami haqqında istifadə etdiklərinin 99,9 faizi də məhz farsca yazılmış tədqiqat əsərlərindən idi. Yəni, əsərin biblioqrafiyasında bir-iki türk müəllifinin adı çəkilsə də, azərbaycanlı alimlərin əsərlərindən ümumən istifadə edilməyib.
Yaxud Nizami haqqında əsərdə, məsələn, Yevgeni Bertelsin kitabının adı çəkilir, amma müəllif heç Bertelsin kitabının üzünü belə açmayıb. Ona görə də yalnız fars dilində yazılan mənbələrdən istifadə edərək, Nizamini fars şairi adlandırır.
Bizim də bu cür təhriflərin qarşısını almaq üçün vəzifəmiz yazmaq, təbliğ etməkdir ki, Nizami farsca yazan Azərbaycan şairidir, fars şairi deyil. O, əsl türk oğlu türk, Azərbaycan şairdir”.