Əhməd Obalının böyük qalmaqal yaradan çıxışı - Video
04.01.2019
Günaz TV-nin rəhbəri Əhməd Obalının bu televiziyanın "165 dəqiqə” verilişində bəzi fəalları ara qarışdırmaqda və nəticəsiz işlər görməkdə ittiham etməsi reaksiyalara səbəb olub.
"Dövran Media" xəbər verir ki, Əhməd Obalı çıxışında bəzi fəalları Güney Azərbaycanın tanınmış ictimai-siyasi xadimi Abbas Lisaniyə qarşı çıxmaqla böyük yanlışa yol verməkdə ittiham edib.
"Mən demirəm, Abbas Lisani Güney Azərbaycan Milli Hərəkatının rəhbəridir. Ancaq bizə rəhbər lazımdır. Mən heç kimi nəzərdə tutmuram, Azərbaycan hərəkatında dinçi, molla, mərsiyə deyəndən rəhbər çıxmaz. Eşitdim ki, bir mollanı Abbas Lisaniyə qarşı qoyurlar. Bu mümkün deyil axı, o mollaya ziyan vururlar. Məncə, onlar mollanın da düşmənidir. Aranı qızışdırırlar, biz də məcbur olub tərəfkeşlik edirik”, - Əhməd Obalı bildirib.
Ə.Obalı nitqində bir ad çəkməsə də, burada "molla” dediyi şəxsin Əbdüləziz Əzimi Qədim olduğu ehtimal edilir.
O, həmçinin bəzi fəalları Ərdəbil-Təbriz davası salmağa təşəbbüs göstərməkdə günahlandırıb.
Xatırladaq ki, Güney Azərbaycanın yüzədək ziyalısı Günaz TV-nin rəhbəri Əhməd Obalıya sözügedən verilişdə səsləndirdiyi fikirlərlə bağlı müraciət edib. Müraciət müəllifləri Ə.Obalının milli hərəkatdakı xidmətlərini xüsusi vurğulamaqla bərabər, bəzi ittihamlar səsləndirərkən həssaslıq göstərməsini, yanlış informasiyalardan çıxış etməməsini xahiş ediblər.
Əhməd Obalının 28 dekabr 2018-ci ildə efirə gedən sözügedən çıxışının videosunu təqdim edirik: