“Bunun üçün güc tətbiqindən də çəkinmərik” - Si Tzinpin
02.01.2019
"Çinlə Tayvanın birləşməsi qaçılmazdır”.
Bu barədə Çin Xalq Respublikasının prezidneti Si Tzinpin bəyan edib. Çin lideri adada müstəqilliklə bağlı istənilən cəhdin qarşısını alacaqlarını və bu səbəbdən hərbi güc tətbiq etməkdən vaz keçməyəcəklərini bildirib.
"Çin mütləq birləşəcək. Bu, yeni dövrdə gəncləşən Çin xalqının gəncləşməsi üçün labüddür. Biz güc tətbiq etməyəcəyimizə dair söz verə bilmərik və Tayvandakı istənilən separat hərəkətlərə, habelə birləşməyə əngəl törədən xarici qüvvələrə qarşı hər cür vasitəni işə salmağa hazırıq”, - deyə Si Tzinpin tayvanlılara müraciətində qeyd edib.
Onun sözlərinə görə, Tayvan məsələsi Çinin daxili məsələsidir, onun xalqının əsas maraqlarına daxildir. Bundan əlavə Çin lideri Tayvan əhalisinə birləşmədən sonra əbədi sülh vəd edib.
Qeyd edək ki, bütün dünyada "Tayvan” adı ilə tanınan "Çin Respublikası” 1949-cu ildə vətəndaş müharibəsində kommunist Mao Tzeduna məğlub olan Çan Kayşi hökuməti və onun Homindan partiyasının adaya mühacirətindən sonra qurulub.
Ümumilikdə Çan Kayşi ilə birlikdə 2 milyondan çox insan adaya köçüb. 1971-ci ilə qədər kapitalist dövlətlər Çin olaraq Tayvandakı hökuməti tanıyıb və BMT Təhlükəsizlik şurasında Çini məhz Tayvan hökumətinin nümayəndəsi təmsil edib.
Çan Kayşinin apardığı iqtisadi siyasət nəticəsində Tayvan dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilib.
Hazırda Tayvan dünyanın 23 ölkəsi tərəfindən müstəqil dövlət olaraq tanınır.