Rusiyada dəhşətli partlayışda ölənlərin sayı artdı
02.01.2019
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.
"Dövran Media" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.
Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.
***
Maqnitoqorskda dağıntılar altından daha 3 nəfərin cəsədi çıxarılıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından məlumat verilib.
"Çelyabinskdəki axtarış-xilasetmə işləri zamanı dağıntılar altından biri uşaq olmaqla 14 nəfərin cəsədi çıxarılıb”, - məlumatda qeyd olunub.
***
Dağıntılar altından daha 4 nəfərin cəsədi çıxarılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin operativ qərargahından bildirilib ki, cəsədlər arasında iki qadın, bir kişi və 3 yaşlı qız uşağı da var.
Bununla da ölənlərin sayı 18-ə çatıb.
Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.