“Qırmızı Kitab”a düşən maralı ovlayan şəxs tutuldu
28.12.2018
Qəbələ rayonunda adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, iki ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib.
Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Rayon Polis Şöbəsində araşdırma aparılır.