Fərhad Bədəlbəylinin DOĞUM GÜNÜDÜR
27.12.2018
Fərhəd Şəmsi oğlu Bədəlbəyli 27 dekabr 1947-ci ildə Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.
1965-1969-cu illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M. R. Brennerin sinfində), 1969-1971-ci illərdə P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) oxumuşdur. Fərhad Bədəlbəylinin adı B. Smetana adına (Çexoslavakiya, 1967, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı) və Vianna da Motta adına (Portuqaliyada – Lissabonda keçirilmiş Pianoçuların Beynəlxalq Müsabiqəsi, 1968, laureatı beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır.
Bu gün F. Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçunun qastrol səfərləri – Bolqarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslaviya, Yaponiya və b. əhatə edir. Musiqi təşkilatçılığı işi, maarifçilik – F. Bədəlbəylinin ikinci, mühüm fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə o, Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olmuşdur. F. Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987-1996-cı illərdə o, buranın rəhbəri olmuşdur) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hal-hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılmışdır.
1995-ci ildən o, "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun üzvüdür. 1971-ci ildən F. Bədəlbəyli Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir (1976-cı ildən dosent, 1983-cü ildən professor). 1991-ci ildən F. Bədəlbəyli onun təşəbbüsü ilə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına çevrilmiş ADK-nın rektorudur.