03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident İlham Əliyev və Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar

24.12.2018

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakı Ağ Şəhər”də 110 kilovoltluq "Ağ Şəhər-2” və "Bakıxanov” yarımstansiyalarının, Birinci Fəvvarələr küçəsinin açılışında, eləcə də "Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak ediblər, tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış olublar.
Əvvəlcə dövlətimizin başçısı "Ağ Şəhər-2” yarımstansiyasının açılışını etdi.
"Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov dövlətimizin başçısına məlumat verdi ki, "Ağ Şəhər” layihəsinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə tə0chiz olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. "Ağ Şəhər” layihəsinin elektrik təchizatı üzrə qoyuluş gücü 250 meqavat təşkil edir və layihə çərçivəsində 110 kilovoltluq 4, 35 kilovoltluq 46 yarımstansiyanın tikintisi nəzərdə tutulur. Artıq 110/35/10 kilovoltluq 100 meqavoltamper gücündə "Ağ Şəhər-2” yarımstansiyasının inşası yekunlaşıb.
Qeyd edək ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin bütün yeni inşa olunan qapalı tipli yarımstansiyaları kimi, "Ağ Şəhər-2” yarımstansiyasının da memarlıq görünüşü, texniki və texnoloji sahələri xüsusi layihə əsasında yaradılıb. Yarımstansiyada ehtiyat nəzərə alınmaqla 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, hər biri 50 meqavoltamper gücündə iki transformator var. Azərbaycanda ilk dəfə məhz "Ağ Şəhər-2” yarımstansiyasında yanğından mühafizə məqsədilə yağın transformatorlardan təcrid edilməsi və yanğının anındaca qarşısının alınması üçün avtomatik rejimdə işləyən qurğular quraşdırılıb. Mərtəbələrarası xüsusi kabel keçidləri, həmçinin ehtiyat giriş-çıxışları olan kabel zirzəmisi inşa olunub. Xüsusi dispetçer idarəetmə mərkəzi yaradılıb. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib, optik kabel çəkilib və məsafədən idarəolunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. "Ağ Şəhər-2” yarımstansiyasının qidalandırılması üçün "Ağ Şəhər-1” yarımstansiyasından 110 kilovoltluq ikidövrəli kabel xətti çəkilib. Bu energetika qurğusunu digər 110 kilovoltluq yarımstansiyalardan fərqləndirən əsas texnoloji fərqi odur ki, 110 kilovoltluq bölmə ABB şirkətinin istehsalı olan eleqaz izolyasiyalı qapalı tipli yuvalardan, ayırıcılardan ibarətdir. Bu tip qapalı paylayıcı qurğuların istismar müddəti açıq tipli qurğulardan üç dəfə çox olmaqla, istismarı təhlükəsizdir və mükəmməl şəbəkəyə inteqrasiya oluna bilir.
"Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə 75 min əhali abonentin elektrik təchizatı həyata keçiriləcək. Həmçinin ərazidə yeni inşa olunan sosial obyektlər, otellər, əyləncə kompleksləri, Ağ Şəhər bulvarı, yeni layihələndirilən tikinti obyektləri, yaşayış kompleksləri "Ağ Şəhər-2” yarımstansiyası vasitəsilə enerji ilə təchiz olunacaq. "Ağ Şəhər-2” yarımstansiyası ilə yanaşı, layihə çərçivəsində "Bakı Ağ Şəhər”də 35/0,4 kilovoltluq yeddi yarımstansiya da inşa edilib.
Sonra Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə "Ağ Şəhər-2” yarımstansiyasını və 110/35/10 kilovoltluq "Bakıxanov” yarımstansiyasını işə saldı.
Dövlətimizin başçısına məlumat verildi ki, ötən əsrin 70-ci illərinin ortalarında o dövrün elektrik enerjisi tələbatına uyğun tikilərək istifadəyə verilən 110/35/10 kilovoltluq "Bakıxanov” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.
Qeyd edək ki, Bakıxanov qəsəbəsinin istehlakçıları və onların tələbatı 30 il müddətində 10 dəfələrlə artıb. Bakıxanov qəsəbəsi ilə yanaşı, Bülbülə və Qaraçuxur qəsəbələrinin bir hissəsinin bu yarımstansiyadan qidalanması onun yenidən qurulmasını günün tələbinə çevirmişdi. Odur ki, yarımstansiya yenidən qurulmaqla yanaşı, onun mövcud 35 kilovoltluq elektrik şəbəkələri ilə əlaqələnmə sxemi daha dayanıqlı və etibarlı vəziyyətə gətirilib. Beləliklə, yeni "Bakıxanov” yarımstansiyası hazırda elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq əhali və qeyri-əhali abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malikdir.

***
Sonra Birinci Fəvvarələr küçəsinin açılışı oldu.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, yeni yollar salınarkən ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 metrə qədər dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materiallarından yol geyiminin əsası inşa olunub. Ümumilikdə, 2018-ci ildə 550 min kubmetr yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzində 400 min kubmetr yararlı karxana materiallarından istifadə edilib. "Bakı Ağ Şəhər”in ərazisində layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda 16-47 metr enində iki, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilib. Ümumi uzunluğu 1420 metr olan Birinci Fəvvarələr, Birinci Yaşıl Ada, İkinci Yaşıl Ada, Altıncı Park və Mərkəzi Şərq küçələrində 550 min kubmetr torpaq işi görülüb, 36 min kvadratmetr sahəyə asfalt-beton döşənib, inşaat işlərində 400 min kubmetr karxana materiallarından istifadə edilib, 22 min kvadratmetr səki salınıb, 150 işıq dirəyi quraşdırılıb, yollar boyunca müxtəlif növ 240 ağac əkilib.
Sonra Prezident İlham Əliyev Birinci Fəvvarələr küçəsinin rəmzi açılışını bildirən lenti kəsdi.
"Ağ Şəhər” yollarının təmir işləri çərçivəsində cari ildə Birinci Fəvvarələr küçəsinin Nobel prospektinə çıxışı təmin olunub. Uzunluğu 560, eni isə 32 metr olan bu küçə Yaşıl Ada və Fəvvarələr Meydanı kvartallarını kəsir və şimalda Mərkəzi Bulvar küçəsinə, cənubda isə Nobel prospektinə çıxır. Dördzolaqlı Birinci Fəvvarələr küçəsində digər küçələrdə olduğu kimi, avtodayanacaq və piyadaların təhlükəsizliyi də nəzərə alınıb. Burada layihəyə uyğun olaraq yolaltı infrastruktur işləri – çirkab və yağış suları kollektorları, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilib. Küçənin adı səkilərdə daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Səkilərdə yaşıllıqlar, arabalar üçün panduslar salınıb, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Yeddimərtəbəli binaları əhatə edən küçənin Nobel prospektinə birləşən 90 metrlik hissəsində istinad divarı tikilib.

***
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tikintisi yekunlaşan Fəvvarələr Meydanı Parkı ilə tanış oldular.
"Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına məlumat verdi ki, təməli 2016-cı ilin dekabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuş Fəvvarələr Meydanı Parkı piyada keçidi və 800 yerlik ictimai parkinq kompleksinin bir hissəsidir. Tikintisi əsasən başa çatmış Fəvvarələr Meydanı kvartalının mərkəzində yerləşən parkda geniş istirahət zonaları, üç fəvvarə kompleksi, uşaqların təhlükəsiz əyləncəsi üçün geniş meydança, gözəl landşaft dizaynı mövcuddur. "Bakı Ağ Şəhər”in hər bir guşəsində olduğu kimi, burada da klassika, müasirlik və qarışıq üslub, müxtəlif nou-haular, hay-teklər, tikinti materiallarının incə zövqlə seçimi, özünəməxsus memarlıq elementləri, ritmiklik, zəriflik, funksionallıq, konstruktivlik, elmi-texniki yeniliklərin tətbiqi, hər addımda nəfis ideyalar və bir-birindən üstün çalarların yer alması özünü qabarıq göstərir. Parkın bəzi hissələri "Qara Şəhər”in keçmiş tikililərindən qalma daşlarla döşənib. Parkda "Ağ Şəhər” layihəsi və ərazinin tarixi olan "Qara Şəhər” haqda məlumatlandırıcı lövhələr, küçə saatı, termometr, xatirə medalyonu quraşdırılıb. Burada 2018-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Daşın nəğməsi" üçüncü Beynəlxalq Heykəltəraşlıq Simpoziumu çərçivəsində təqdim edilmiş heykəl qoyulub. Fəvvarələr Meydanı Parkı və piyada keçidi "Ağ Şəhər” boyunca piyadaların gəzintisi və mənalı istirahətinə geniş imkanlar açacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən körpü vasitəsilə birbaşa Ağ Şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxa biləcəklər. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə metronun "Ağ Şəhər” stansiyasına rahat gediş-gəliş əldə edəcəklər. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall” alış-veriş mərkəzinə, şimalda Fəvvarələr Meydanının mərkəzinə, Birinci Fəvvarələr küçəsinə, körpünün alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq.
Sonra dövlətimizin başçısına ötən illərdə "Ağ Şəhər”də həyata keçirilən və perspektivdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verildi.
Qeyd olundu ki, "Bakı Ağ Şəhər” layihəsi ərazisində Xəzər dənizindən 25 metr hündürlükdə yerləşən Park rayonunda da inşaat işləri davam edir. Burada tikilən iyirmimərtəbəli yaşayış binalarının hündür podiumlarının üzərində istirahət və yaşıllıq zonaları, uşaq meydançaları olacaq. Hazırda burada tikinti, quruculuq və abadlıq işləri aparılır. Nizami parkının yaxınlığında bu rayonda "Knightsbridge (Naytsbric) Residence” kompleksinin tikintisi davam edir. Bu kompleksdə yaşayış binaları, biznes mərkəzi və məktəbin tikintisi planlaşdırılıb. Parkın rayon sakinlərinə təhvili 2019-cu ilin sonunda gözlənilir.
Babək prospektindən başlayan yeni Mərkəzi Şərq küçəsi Babək kvartalını iki hissəyə bölür. Eni 37, uzunluğu 470 metr olan Mərkəzi Şərq küçəsində yerləşəcək yeni Qarabağ Atları Meydanının layihəsi hazırdır. Kvartalın mərkəzinə çevriləcək meydanda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılacaq, burada mağazalar, kafelər və mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq.
2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı çərçivəsində layihənin qərbində yerləşən 26,7 hektar xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyələri əsasında inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu "Ağ Şəhər” layihəsi ilə uzlaşdırılıb və müfəssəl planı hazırlanıb. Bununla yanaşı, inşa olunacaq çoxsaylı bina, yol, park, məktəb, servis obyektləri, digər ərazi-planlaşdırma və infrastruktur işlərinin layihələndirilməsi də yerinə yetirilərək cari ildə nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb. Ərazisi 7800 kvadratmetr olan Zaman meydanı şimal tərəfdən gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunacaq. Metronun "Ağ Şəhər” stansiyasının çıxışlarından biri burada yerləşir. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.

***
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağ Şəhər piyada körpüsünün və Zaman meydanının təməlini qoydular.
Təməlqoyma mərasimindən sonra xatirə şəkili çəkdirildi.
"Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.