Moldova prezidenti Azərbaycana gələcək
23.02.2018
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Moldova prezidenti İqor Dodon da iştirak edəcək.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, forum çərçivəsində "Balkan regionunda hazırkı və gələcək vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi?” mövzusunda keçiriləcək iclasda İ. Dodonun çıxışı planlaşdırılır.
VI Qlobal Bakı Forumunda Albaniya prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin rəhbərləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzularda müzakirələr aparılacaq.
"DM"