Xırdalan yollarındakı problemlə bağlı RƏSMİ AÇIQLAMA
21.12.2018
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ötən gün sosial şəbəkələrdə Xırdalan şəhərində yağışlardan sonra bəzi yollarda problemlərin yaranması ilə bağlı görüntülərə aydınlıq gətirib.
"Dövran media" xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə deyib ki, şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması işləri aparılır. Anormal hava şəraiti isə aparılan işlərə əngəl törədir:
"Yağışlara qədər Xırdalan şəhərinin bir neçə küçəsi, o cümlədən Nizami Gəncəvi küçəsinin hər iki istiqamətində qazıntı işləri yekunlaşdıqdan sonra asfalt örtüyü vuruldu. Ancaq elə küçələr var ki, orda işlər tam yekunlaşmayıb, həmin yerlər əlavə birləşmələr olunacaq deyə, müvəqqəti olaraq torpaq və şebel ilə örtülüb".
A.Cəbrayıllının sözlərinə görə, qazıntı işləri yekunlaşmayan yolların örtüksüz qalması normal haldır.
Məlumat üçün bildirək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil.
Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir.
Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Kanalizasiya infrastrukturunun tikinti-quraşdırma işlərinin isə 2019-cu ildə başa çatdırılması planlaşdırılır.