Trampın qalmaqallı fondu bağlandı
19.12.2018
ABŞ prezidenti Donald Trampın qalmaqallı xeyriyyə fondu bağlanıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Nyu-York ştatının baş prokuroru Barbara Andervud açıqlama verib.
Fondun fəaliyyəti Ağ Ev rəhbəri və digər məsul şəxslərin yığılan vəsaitlərdən qanunsuz olaraq öz məqsədləri üçün istifadə etməsi ilə bağlı iddiaların yayılması fonunda dayandırılıb.
Barbara Andervud fondda qalan pul vəsaitlərinin prokurorluğun nəzarəti altında (humanitar təşkilatlara və digər qurumlara) paylaşdırılacağını açıqlayıb.
O, prezident Trampı və onun üç oğlunu fonddakı vəsaitdən şəxsi və siyasi məqsədlərlə istifadə etməkdə ittiham edir.
Fondun hüquqlarını müdafiə edən vəkil prokurorun məsələni siyasiləşdirdiyini deyir.
Vəkilin sözlərinə görə, fond ötən 10 il ərzində ayrı-ayrı humanitar təşkilatlara 19 milyon dollara yaxın vəsait köçürüb və bu məbləğin 8,25 milyon dolları şəxsən prezidentin "cibindən” gedib. İanələrin 700 müxtəlif təşkilata köçürüldüyü bildirilir.
Qeyd edək ki, bu, ABŞ prezidenti, onun ailə üzvləri və ya yaxın silahdaşlarının adının keçdiyi sayca altıncı istintaqdır. Tramp "gizli Rusiya əlaqələrində” də ittiham olunur.