Gəlinin saçı, 18+, əxlaqsızlıq, qan: cəmiyyətə nə ötürürük?
18.12.2018
Bu gün mediada, televiziya kanallarında heç bir maarifləndirici mahiyyəti olmayan uşaq təcavüzü, qadın zorakılığı, işgəncə, intihar kimi məlumatlar və onlarla bağlı video-görüntülər yer alır. Əksər media mütəxəssisləri bu cür, heç bir əhəmiyyət kəsb etməyən məlumatların verilməsini düzgün hesab etmir. Media mütəxəssisləri və psixoloqların fikrincə, belə məlumatlar, onlarla bağlı görüntülər cəmiyyətdə aqressiya formalaşdırır və ona baxan insanın təhtəlşüurunda belə bir hadisənin ola bilmə ehtimalını yaradır. Bu da cəmiyyətdə aqressiv insanların sayını artırır və insanları özlərinə, hətta ailə üzvlərinə qarşı xoflu edir.
Nüfuzlu beynəlxalq media qurumlarında bu məsələlərlə bağlı xüsusi həssaslıq nümayiş etdirilir. Məsələn, misirli aktrisa Rania Yusubun tədbirə açıq paltar geyindiyinə görə 5 il müddətinə həbs olunma təhlükəsi yaranır. Bu məsələ ilə bağlı material hazırlayan BBC sujetdə qadının bütöv şəklini vermir, paltarın açıq hissəsini göstərmir ki, başı onsuz da bəlada olan aktrisanın işini daha da çətinləşdirməsin.
Qərb mütəxəssisləri hesab edir ki, xüsusilə media bu cür məsələlərdə - bir fərdə və ümumilikdə cəmiyyətə problem yaradacaq mövzularda maksimum diqqətli olmalıdır.
Mövzu ilə bağlı Axar.az-a danışan media eksperti Qulu Məhərrəmli də hesab edir ki, medianın baş verən hadisəyə, hadisədə adı hallanan şəxsə, xüsusilə qadın və uşağa yanaşması incə olmalıdır. Q.Məhərrəmlinin fikrincə, bu gün fəaliyyət göstərən saytların cəmi 10 faizi media funksiyasını həyata keçirir:
"Hər bir mətbu orqanın bir media siyasəti olmalıdır. İşgəncə, zorakılıq kimi heç bir əhəmiyyətə malik olmayan məlumatların açıq şəkildə saytlarda verilməsi cəmiyyətdə növbəti aqressiya yaradır. Söhbət təkcə maarifçilikdən getmir, söhbət mediaya verilən tələblərin heç olmasa, yarısına cavab verməkdən gedir.
Hər sosial şəbəkədə paylaşılan görüntü, status, söhbət sayt üçün mövzu olmamalıdır. İctimai əhəmiyyətli məsələlər tamamilə fərqlidir. Saçı əri tərəfindən kəsilən qadının məsələsi məişət mövzusudur. Buradakı zorakılıq işlənməli, araşdırlmalıdır, daha video olduğu kimi daha cəlbedici başlıqla təqdim edilməməlidir.
Sosial şəbəkələrin tullantılarını mediaya daşımaq olmaz. Bu videonun saytlar vasitəsilə tirajlanması belə olayların artmasına, o ağılda olan adamların qarşısındakını eyni üsulla cəzalandırmasına səbəb olur. Media şəxsi münasibətləri, şəxsi qərəzləri həll etmək üçün vasitə, alət ola bilməz. Ancaq təəssüf ki, Azərbaycanda media bu funksiyanı yerinə yetirir”.
Ancaq Musavat.com saytının baş redaktoru Xalid Kazımlı hesab edir ki, bu, cəmiyyətin problemidir, belə hadisələr mediasız da baş verir:
"Bu mövzu dəfələrlə qabarıb və hər dəfə də az qala media günahkar çıxarılır. Yəni qəzetlər, saytlar yazsa da, yazmasa da, belə bir durum var və uyğun faktlar ortadadır. Əksinə, media bu biabırçılığa diqqət cəmləyəndə, ictimai rəy yaradanda, hər kəs durumun nə qədər vahiməli və ikrahdoğurucu olduğunu bilir. İctimaiyyətin bu kimi zorakı adamlara qarşı hiddəti, nifrəti bir çox hallarda o psixopatlara çəkindirici faktor olur, üstəlik, səlahiyyətli adamlar, aidiyyəti qurumlar təsirli əks-tədbirlər görməyə başlayır. Bizim missiyamız budur və biz heç nə olmamış kimi davrana bilmərik. Biz bütün biabırçılıqları yazmalıyıq və hamı da bilməlidir ki, belə davam edə bilməz”.
Aznyus.az saytının şef redaktoru Babək Göyüşün fikrincə isə zorakılıqla bağlı materialların yayımlanmasına qadağa qoyulsa, yaxşı olar:
"Ümumiyyətlə, düşünürük ki, bu cür materiallar uşaqların psixologiyasına mənfi təsir göstərir. Valedeynlərin uşaqlarını tərbiyə etməsi məsələsinə də mənfi təsir edə bilər. Çalışırıq ki, belə informasiyaları maksimum azaldaq. Bizdən fərqli olaraq mediada, sosial şəbəkələrdə bu cür materiallara həddindən çox yer verilir. Əlimizdən gələn qədər, status yazaraq belə məlumatların yayılmasının qarşısını almağa çalışırıq. Təbii ki, həmişə buna müvəffəq ola bilmirik”.
Publika.az saytının baş redaktoru Aqil Lətifov isə hesab edir ki, mediada bu tip xəbərlər gündəmi zəbt edən zaman bu müzakirələr meydana çıxır və heç bir nəticə hasil olmadan elə həmin xəbərlərlə birgə arxiv olur:
"Əgər hansısa xəbərin informasiya yükü, səhihliyi varsa, dövlətçilik əleyhinə və sirr deyilsə, media onu niyə də verməsin? Təəssüf ki, bizdə vəziyyət fərqlidir. Dünya mediasında verilənlər bizim mediada gedəndə qınağın biri bir qəpikdən olur. Əfsus ki, bir çoxu burada medianın rolunu qarışdırır. Axı media insan yetişdirən orqan deyil. Media yetişmiş, kamil insanlara xəbər verir.
Məsələnin Azərbaycan tərəfinə keçəndə və şəxsi yanaşmaya gələndə vəziyyət tamamilə dəyişir. Bizdə xəbər oxuyan kütlənin əksəriyyəti yetişməmiş insanlardır və bir növ mediamız öz xəbərlərilə onları istiqamətləndirir. Deməli, biz saytlarımızda yazı verərkən bütün bunları da nəzərə almalı, insan yetişdirmək vəzifəsini də yerinə yetirməliyik. Bu məqam isə böyük məsuliyyət yaradır. Amma bəzən saytlar sosial medianın əsirinə çevrilir. Elə son olaylarda bunu gördük. Təəssüf ki, sosial mediada gündəm olan məsələlər bir çox hallarda olduğu kimi saytlara gətirilir. Burada həmin informasiyanın, xəbərin zərərləri olması deyil, "qabağa düşüm" prinsipi əsas rol oynayır. Necə ki, saçı qırxılan qadının nümunəsində bunu gördük. Xəbər Feysbukda yayıldığı formada saytlarımızı bəzədi. Sosial şəbəkədə süzgəc yoxdur və hər şey olduğu kimi yayıla bilər, amma saytlarımızda bu yolverilməzdir. Xəbərin bütün mümkün nəticələri nəzərə alınmalıdır.
Şəxsi seçimimə qalsa, saytda zorlama, intihar, 18+ xəbərləri vermərəm. Amma bəzən müəyyən məqamlar bu sahələrdən xəbər verməyə məcbur buraxır. Bununla belə bu istiqamətli yazıları müəyyən qadağalar qoymuşam, başlıqlardan açıq-saçıq sözləri yığışdırmışıq. Qorxu yaradan, qan şəkillərini qadağan etmişik. Hər kəsin ailə çərçivəsində oxuya biləcəyi yazılar və üz fotoları verməyə çalışırıq. Məqsədimiz odur ki, daha çox ciddi, informasiya yükü olan, maarifləndirci, oxucuların müsbət fayda əldə edəcəyi yazılar verək. Eyni zamanda, sosial medianın gündəmini saytımıza gətirməyə yox, istədiyimiz yazının, mövzunun sosial şəbəkələrin gündəminə oturtmağa çalışırıq. Deyərdim ki, bu istəyimizi çox halda həyata keçirə bilirik”.