Lukaşenkodan Kremlə: Buna imkan verməyəcəyəm!
15.12.2018
Dövlətin suverenliyi müqəddəsdir və mən bunun itirilməsinə imkan verməyəcəyəm.
"Dövran Media" xəbər verir ki, bunu rusiyalı jurnalistlərlə görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən hər zaman suverenliyin itirilməsi təhdidini hiss edirəm. Prezidentin işində əsas məsələ ölkənin suverenliyinin təmin edilməsidir. Hazırda dünyada tam müstəqil dövlətlər yoxdur, amma suveren dövlətlər hələ də var. Sizin Jirinovskinin təklif etdiyi kimi bizi vilayətlərə bölüb, Rusiyaya birləşdirmək istəyirlərsə, bu heç vaxt mümkün olmayacaq. Əgər Rusiya rəhbərliyi belə kateqoriyalarla fikirləşirsə, bu, Rusiyanın ziyanınadır” – deyə o bildirib.
Lukaşenko Rusiya neft sənayesindəki vergi manevri məsələsinə də toxunub və bunun Belarusun müstəqilliyinə təhdid olduğunu deyib. Onun sözlərinə görə, Rusiya hazırda Belarusu tərkibinə qəbul etmək gücündə deyil:
"Rusiya Belarusu vilayətlərlə və ya ümumilikdə tərkibinə qəbul etməyə hazırdımı? Siz nəticələr barədə düşünün. Siz buna hazırsınızmı? Buna sizin və bizim ölkədə, eləcə də dünyada necə baxılacaq? Bəlkə də nə zamansa biz buna da gəlib çıxacağıq, amma buna heç bir problem yaratmadan getmək lazımdır. Əks təqdirdə bizə deyəcəklər ki, siz neftə görə ölkəni satdınız”.