Yarımçıq təhsil və erkən nikah - ŞƏRH
14.12.2018
Hesab edirik ki, yaxın gələcəkdə qanunvericiliyə dəyişikliklər edilməli, qızların təhsildən yayındırılması, erkən nikahlara cəlb edilməsi ilə bağlı cəza mexanizmləri daha da sərtləşdirilməlidir.
Bunu açıqlamasında professor, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
O qeyd edib ki, qızların təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb edilməsi birmənalı şəkildə qanunla qadağandır:
"Bu məsələ birbaşa qanunvericiliklə tənzimlənir. Eyni zamanda, qızların valideynləri, ata-anaları, ailə üzvləri tərəfindən təhsildən uzaqlaşdırılması yolverilməz və qəbuledilməzdir. Biz bu hallarla heç cür barışa, razılaşa bilmərik.
Elə erkən nikahlar, ailə dramları, boşanmalar, qadınların fiziki və cinsi istismara məruz qalması buradan yaranır. Yəni qızların təhsildən uzaqlaşdırılması cahillik, nadanlıq, savadsızlıq, təhsilsizlik, elmsizlikdir və dediyim kimi, qızlara, qadınlara qarşı baş verən zorakılıqların kökündə də, mahiyyətində də ilk növbədə bunlar dayanır.
Bu, hər birimizi narahat edir və etməlidir. Bu kimi məsələlər bütövlükdə cəmiyyəti narahat etməli və ayağa qaldırmalıdır”.
Komitə sədri bildirib ki, cəmiyyət özü bu hallarla ciddi mübarizə aparmalıdır.
"Hər bir insanın, o cümlədən, qızların təhsil almaq hüququ var. Qanunlarımızda, Konstitusiyamızda hüquqlar tanınıb. Ona görə qızları təhsil almaq hüququndan məhrum etmək olmaz.
Yerli icra qurumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla, qızların təhsildən yayındırılması, erkən nikahlara məcbur edilməsi ilə bağlı ciddi təbliğat-maarifləndirmə işləri aparılmalı və həmin tədbirlərin miqyasını genişləndirməlidir.
Eyni zamanda, hesab edirəm ki, qızları təhsildən yayındıran, zorla erkən nikahlara məcbur və vadar edən kimlər varsa, kimlər bu məsələdə günahkardırsa, hamısı cəzalandırılmalıdır. Hətta belə hesab edirik və düşünürük ki, yaxın gələcəkdə bu məsələlərlə bağlı qanunvericilik daha da sərtləşdirilməli, cəza mexanizmləri, cəzalar daha da ağırlaşdırılmalıdır.
Buna göz yummaq, səssiz qalmaq olmaz. Bu, çox ağrılı məsələ və təhlükəli tendensiyadır. Bunların qarşısı mütləq alınmalıdır”, - deyə A.Naxçıvanlı əlavə edib.