15 yaşlı qızı qaçıran oğlan HƏBS EDİLDİ
14.12.2018
Dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub.
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.