Ərdoğan əmr verdi: Kreml planı dəyişdi
21.02.2018
Afrində kürdlərin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı "dərin dövlət”ə aiddir.
"Dövran Media" xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi qeyd edib ki, Suriya Prezidenti Bəşər Əsəd Moskvanın marionetkasıdır:
"Bunun bariz nümunəsini Rusiya Prezidenti Vladimir Putinin Suriyaya səfəri zamanı da müşahidə etdik. Birincisi, Putinin təyyarəsi Dəməşqə yox, Rusiyanın hərbi bazasına endi və Əsəd həmin bazaya gəlib onu qarşılamağa məcbur oldu. İkincisi, Putin mikrafona yaxınlaşıb, hərbçilərini salamlayarkən rusiyalı adi zabit Suriya prezidentinin qolundan tutaraq, Putindən aralı dayanmağı tələb etdi. Bunları nəyə görə xatırlayıram?
Fikrimcə, Afrində YPG-nin Bəşər Əsədə bağlı güclərlə əvəz edilməsi ideyası Suriya rejiminə deyil, Moskvadakı "dərin dövlət”ə aiddir. Kreml bununla Ərdoğanın nəbzini yoxlamaq istəyirdi. Təsadüfi deyil ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ötəngünkü açıqlamasında dedi ki, Afrin məsələsində Ankara ilə Dəməşq razılığa gəlməlidirlər. Amma Ərdoğanın "Afrində Əsədin qüvvələri olsa belə, şəhərə daxil olacağıq” ifadəsi Kremlin Əsədə "stop” əmri verməsilə nəticələndi. Afrinə daxil olmaq istəyən Əsəd gücləri Türkiyə ordusunun ilk xəbərdarlıq atəşindən sonra geri çəkildilər.
Türkiyə bu bölgəyə uzun müddətə gəlib”.