Yol polisindən xəbərdarlıq: Qaydalar dəyişir
12.12.2018
Tez-tez eşitdiyimiz, hər dəfə təəssüf və böyük ağrı hissi ilə qarşıladığımız yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir.
Bunu açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.
"Artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmiş avtomobillərdən hər gün istər özümüz, istərsə də doğmalarımız, tanışlarımız istifadə edir. Odur ki, nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması, hər şeydən əvvəl daha çox özümüzə lazımdır. Elə həm də buna görədir ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından tələblərə uyğun olması "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Həmin qanunun tələblərinə əsasən, yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır”, - şöbə rəisi qeyd edib.
Onun sözlərinə görə, texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda, onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir. Bütün bunlar isə vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
"YHH qanuna müvafiq olaraq, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və sair ildə bir dəfə, digər minik və yük avtomobillər isə istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxışa təqdim edilməlidir”, - Quliyev vurğulayıb.
Baş DYP İdarəsi qeyd edib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib:
"Bu dəyişikliklər ilk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar olduğundan daha da maraq doğurur. Belə ki, əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə keçirilirdisə, saz nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, artıq bu qaydalar ləğv edilib”.
Onun fikrincə, qanuna edilmiş dəyişikliyə əsasən nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır:
"Qanunvericilikdə edilmiş daha bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur. Başqa sözlə desək, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir”.
Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.
Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır.
Lakin BDYPİ qeyd edir ki, bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs yuxarıda qeyd etdiyimiz qaydada hər dəfə inzibati məsuliyyətə cəlb edilir:
"Məlumat üçün qeyd edək ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzlərinə təqdim edə bilərlər. Lakin, unutmaq lazım deyil ki, belə olduqda növbəti dəfə avtomobilinizin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək və bu müddət avtomobilinizin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaqdır”.
Əlavə olaraq BDYPİ bildirir ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik isə texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır. Bu halda artıq nəqliyyat vasitələrinin küləyə qarşı ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır:
"Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada "ASAN ödəniş” sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir”.
"Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Yalnız, bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur”, - deyə rəis deyib.
Digər avtomobilləri texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon tərtib olunur. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə, bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.
Sonda BDYPİ qeyd edir ki, nəqliyyat vasitələrinin dövlət texniki baxışa təqdim edilməsi qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır. Belə ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər.