DOST necə işləyəcək? - QAYDALAR
11.12.2018
Prezident İlham Əliyev dünən DOST mərkəzlərində xidmət göstərilməsi qaydalarını təsdiqləyib.
"Dövran Media" xəbər verir ki, mərkəzlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nə məxsus olacaq.
Burada əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat, eləcə də, digər sosial məsələlər həll ediləcək. Mərkəzlərdə innovativ həllərin tətbiqi, elektron xidmətlərdən istifadəyə keçid süründürməçilik hallarının qarşısının alınması və bu sahədə neqativ halların, o cümlədən rüşvətxorluğun kökünü kəsəcək.
DOST nədir?
Qaydalarda göstərilir ki, mərkəzdə xidmətlər "bir pəncərə”, operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əsaslanır. Xidmətlər birbaşa (yerində), özünə xidmət, çağrı mərkəzi vasitəsilə, səyyar şəkildə təqdim ediləcək.
DOST həftənin bütün günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) xidmət göstərir. Burada hərəkətin və məlumat əldə olunmasının asanlaşdırılması məqsədilə elektron lövhələr, işarələr yerləşdirilir, habelə vətəndaşa müraciət etdiyi xidmətlə bağlı məlumat, elektron növbə verilməsi üçün köşk yaradılır.
DOST vasitəsilə ƏƏSMN-nin aidiyyəti qurumlarının fəaliyyəti təmin olunur. Göstərilən xidmətlə bağlı müraciətə baxılma və həmin müraciətin nəticəsinin rəsmiləşdirilməsi həmin vaxt mümkün olduğu hallarda, qərar yerində qəbul edilərək vətəndaşa təqdim olunur.
Əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların xidmətlərdən istifadəsinin maneəsiz olması üçün mərkəzdə xeyli işlər nəzərdə tutulub. Burada müvafiq inzibati ərazi vahidi üzrə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyaları işləyəcəklər. Onlar yerlə və mümkün tibbi ləvazimatla təchiz olunacaqlar.
Əlilliyi olan şəxslər mümkün reabilitasiya vasitələri ilə təmin ediləcək. İlkin tibbi yardım göstərilməsi üçün lazımi şərait yaradılır.
Mərkəzdə xüsusi proqramlar üzrə əlilliyi olan şəxslər, habelə işaxtaran və işsiz şəxslər üçün məşğulluq sahəsində peşə kursları da təşkil ediləcək. Burada vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, kafe və digər ictimai iaşə məntəqələri fəaliyyət göstərə bilər.
Xidmətlərin bir qismi ödənişli olacaq
Sosial xidmətin həcmi zəmanət verilmiş həcmi keçdikdə və sosial xidmətin növü zəmanət verilmiş xidmət növünə aid olmadıqda, xidmətlərin göstərilməsinə görə ödənişin məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Xidmətlərə görə ödənişlər funksional yardımçı xidmətlərin göstərilməsi ilə əlaqədar qanunla müəyyən edilən dövlət rüsumları olacaq. Ödənişlər mərkəzdə fəaliyyət göstərən banklarda, POS-terminallar, ödəniş sistemləri vasitəsilə (onlayn) mümkündür.
DOSTum kimə bənzəyir?
DOST mərkəzlərindən istifadə çox rahatdır və eynilə "ASAN xidmət”in iş üslubunda təşkil edilib. Əslində, DOST agentliyinin yaradılması elə "ASAN” xidmətin müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Hazırda "ASAN xidmət”in yerinə yetirdiyi xidmətlər vaxtilə ayrı-ayrı icra qurumları tərəfindən təqdim olunurdu və bu sahədə korrupsiya, özbaşınalıq, qanunsuzluğun qarşısını tam şəkildə almaq üçün çıxış yolu kimi alternativ qurum yaradıldı.
Beləliklə, əhalinin seçimi ASAN oldu, nəticədə, rüşvətxorluq hallarının olduğu qurumlar öz-özünə sıradan çıxdı.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərin də eynilə belə bir yeni mərkəzdə, daha innovasiyalı, şəffaf bir qurumda göstərilməsi bu sahədə inqilabi dönüş edəcək. Azərbaycan vətəndaşları şəffaf, təmiz işləyən, dövlət rüsumu əsasında çalışan, əla şəraitə və dürüst personala malik, hətta bəzi məsələlər üzrə yerindəcə qərar verən bir DOST-a sahib olacaqlar. Nəticədə, vətəndaşların şikayətlərinin qarşısı alınacaq və bu sahədə toplanan neqativ təcrübələr məmnunluqla əvəzlənəcək.
DOST publikdir
Qeyd edək ki, publik hüquqi şəxslər doktrinası 200 il bundan əvvəl ilk dəfə Fransanın dövlət quruculuğunda yaradılaraq istifadə edilib və sonradan kontinental hüququn mərkəzi olan Almaniyada tətbiq edilməyə başlanıb.
Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin.