Muğam Mərkəzində “Sarı simin lisanı” adlı konserti keçirilib - FOTO
10.12.2018
Beynəlxalq Muğam Mərkəzində "Yeni nəsil dəvət edir" adlı möhtəşəm layihə uğurla davam edir.
Dekabrın 7-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakultəsinin "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin "Sarı simin lisanı" adlı konserti keçirilib.
Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində həyata keçirilmişdi.
Konsertdə tələbələr Arif Məlikovun - "İki fraqment", Cahangir Cahangirovun -"Ana", "Aylı gecə", Qara Qarayevin - "Gözəllər gözəlinin portreti"("Yeddi gözel" baletindən), Ramiz Mirişlinin -"Tar ilə simfonik orkestr üçün konsert" II hissə "Andante", Vasif Adıgözəlovun -"Şuşam laylay", Həsən Rzayevin - "Cahargah rapsodiyası", Nikolay Lukavikin - "Macar çardaşı", Antonio Vivaldinin - "Yay", Rimski Korsakovun - "Arı uçuşu" əsərlərini tarda ifa etmişdilər.
İfaçıları pianoda Aygün Səfərzadə müşayiət edirdi.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və dünya mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Xatırladırıq ki, dekabrın 9-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində "Future Stars 2018" ("Gələcəyin ulduzları") IX Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti və müsabiqə qaliblərinin mükafatlandırılması keçiriləcək.