Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb
09.12.2018
Narkobaron Pablo Eskobarın silahdaşı, kriminal aləmdə nüfuzlu olan 67 yaşlı qaçaqmalçı Xorxe Suares Boliviyada həbsxanadan qaçıb.
"Dövran Media" xəbər verir ki, bu haqqda "El Emparcial.com" nəşri xəbər verir.
Bildirilir ki, hadisə La-Pasda baş verib. Xorxe Suares həbsxanada özünü xəstə kimi qələmə verərək, özəl klinikaya yerləşdirilib. Buradan isə qaçmağa müvəffəq olub.
Boliviya polisinin Cinayətkarlığa qarşı Mübarizə üzrə Xüsusi Bölməsinin direktoru Fernando Rohas bildirib ki, polis cinayətkarı tapmaq üçün bütün kəşfiyyat üsullarını işə salıb. ABŞ məhkəməsi 1990-cı illərdə Xorxe Suaresi 36 il azadlıqdan məhrum edib. O, 28 il sonra - bu ilin aprelində şərti olaraq azadlığa buraxılıb. Lakin Boliviyaya göndərilən məhkum daha 15 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Suaresin silahdaşı olduğu Pablo Eskobar XX əsrin 80-ci illərində Medelyin cinayətkar birləşməsinin rəhbəri olub. ABŞ tərəfindən axtarışda olan narkotik ticarətçisi planetin ən varlı adamlarından biri sayılırdı. Eskobar ABŞ-a tonlarla narkotik maddə göndərirdi. O, Kolumbiya polisinin elit bölməsinin 1993-cü ilin 2 dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Eskobarın ölümündən sonra Medelyin kartelinin mövcudluğuna son qoyulub.