Güneyli deputatlar valiyə qarşı - Cilovluq qırğını
08.12.2018
İranın Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyarinin Cilovluq qırğını ilə bağlı ifadələrinə İran parlamentinin azərbaycanlı millət vəkilləri sərt reaksiya veriblər.
"Dövran Media" xəbər verir ki, əslən kürd olan valinin çıxışına ilk mövqeyi Nadir Qazipur öz Teleqram kanalında bildirib.
"Yaxşı olardı ki, müsahibə və çıxışlarınızdan əvvəl "Urmiya dünyanı yandıran müharibədə”, "Azərbaycanın 18 illik tarixi”, "Azərbaycan Birinci Dünya Müharibəsində” və "Cilovluq faciəsi” kimi tarixi əsərləri oxuyardınız. O zaman Azərbaycanda ən azı 140 min nəfər şiə və sünnünün qətlə yetirildiyini bilərdiniz” - Qazipur qeyd edib.
Digər millət vəkili Ruhulla Həzrətpur isə valiylə bağlı fikirlərini öz Tvitter səhifəsində paylaşıb:
"Şübhəsiz ki, tarixi hadisələr inkişafa mane olmamalıdır. Lakin tarix ibrət aynasıdır. Ola bilsin ki, millətlər tarixi hadisələri bağışlar, amma onu heç vaxt unutmazlar. Yoxsulluq və inkişafdan geri qalmağın əsas səbəbi bölgəyə sərmayə cəlb olunmaması və istehsal məsələsidir, yəni o şüarlar ki, ictimaiyyət həyata keçirilməsini gözləyir”.
Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari bundan öncə azərbaycanlılara qarşı törədilən Cilovluq qırğınını tanımadığını bildirib. O baş verən qırğının unudulması gərəkdiyini deyib və bu qırğın barədə fikirlərin bölgənin inkişafına mane olduğunu söyləyib.
Cilovluq qırğını 1918-ci ilin mart-aprel aylarında Güney Azərbaycanın Xoy, Salmas və Urmiya şəhərlərində törədilib. Qırğının əsas təşkilatçıları Britaniya, Fransa və Rusiyanın geniş dəstəyini alan erməni, assuri və müsəlman kürd dəstələri (sonradan aldadıldığını anlayan kürdlər bu koalisiyadan ayrılıblar – red.) olub. Bu ölkələrin sifarişi əsasında azərbaycanlıların şəhərlərinə hücum edən dəstələr 150 minə yaxın azərbaycanlının ölümünə səbəb olublar.