Teatrdan Manafovla bağlı daha bir - AÇIQLAMA
06.12.2018
Səməd Vurğun adına Rus Dram Teatrı Xalq artisti Fəxrəddin Manafovun işdən ayrılması barədə verdiyi açıqlamaya münasibət bildirib. Teatrın direktor müavini İlham Məmmədov məşhur aktyorun ittihamları ilə razılaşmadığını qeyd edib:
"Burada böyük bir problem yoxdur. O, bizim teatrın aktyorudur. Biz Fəxrəddin Manafovu teatra vaxtında dəvət etmişik ki, burada işləsin. Biz onu çıxarmaq üçün işə gətirməmişik ki…Doğrudan da, o, istedadlı şəxsdir.
Manafov açıqlama verib ki, teatr özünü PR etmək üçün onun adını afişalara salır, artıq pul qazanmaq istəyir. Bu, düzgün deyil. Rus Dram Teatrı ən yaxşı teatrlardan biridir. Bizə belə şeylər lazım deyil. Bundan başqa, Xalq artistimiz üçün iki tamaşa təqdim etmişdik. Birini özü istəmədi, digər tamaşada isə səhnəyə çıxdı. Xaricdən rejissor filan da tamaşa üçün dəvət etmişdik. Bu mövzunu uzatmaq nəyə lazımdır”.