Tanınmışlar Kamal Abdulla haqda nələr danışdı?
04.12.2018
Bu gün tanınmış yazıçı, akademik Kamal Abdullanın 68 yaşı tamam olur.
Kult.az tanınmış şəxslərin Kamal Abdullanın elmi və bədii yaradıcılığı haqda fikirlərini təqdim edir.
Xalq yazıçısı Anar: "Kamal Abdulla bizim çox gözəl ziyalımızdır. O, öz yaradıcılığı ilə ədəbiyyatımıza maraqlı yeniliklər gətirib. Gözəl ədəbi duyumu olan yazıçıdır. Kamal bəy mənim dostumdur, xətrini çox istəyirəm. O, eyni zamanda çox dəyərli alimdir. Təkcə bədii deyil, elmi əsərləri da maraqlı və dərindir. Yaradıcılığına böyük maraq göstərirəm”.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu:
"Kamal müəllim geniş diapazonlu, yüksək intellektli bir ziyalıdır, ona böyük hörmətim var. Əsərləri İtaliya, Yaponiya, Türkiyə, Rusiya və s. ölkələrdə çap olunub. Bu mənada Azərbaycan elminin, mədəniyyətinin ən layiqli təmsilçilərindən biridir.
Kamal bəylə birlikdə Almaniyada səfərdə olanda yaradıcılığına və elmi fəaliyyətinə görə onu necə xüsusi rəğbətlə, böyük ehtiramla qarşıladıqlarının şahidi olmuşam.
Onun "Kitabi-Dədə Qorqudun poetikasına giriş” əsəri öz yeniliyi ilə folklorumuzun sirlərinin açılması, ədəbiyyatımızın dərin kökləri baxımından olduqca əhəmiyyətlidir.
Kamal Abdulla ziyalılar arasında "ideyalar enerjisi” kimi tanınır. Hər zaman ortaya yeni ideyalar atır, onları həyata keçirir.
O, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri kimi çalışdığı dövrlərdə multikulturalizmin inkişafına böyük töhfə verib. Kamal bəyin geniş və səmərəli fəaliyyəti sayəsində Azərbaycan multikulturalizmi 20-dən çox xarici ölkədə tədris olunmağa başladı. "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı məhz onun təşəbbüsü və redaktorluğu ilə çap olunub. Bundan əlavə, Azərbaycan Tərcümə Ensiklopediyası Kamal müəllimin birbaşa fəaliyyətinin nəticəsi olaraq işıq üzü görüb.
Bir ziyalı, həmkar, dost kimi Kamal müəllimi ürəkdən təbrik edir və ona yeni yaradıcılıq uğurları arzulayıram”.
Şair, yazar Qismət Rüstəmov: "Mən elə gəlir ki, Kamal müəllimin yaradıcılığı üçün əsas xarakterik cəhətlərdən biri keçmiş zaman ənənəsidir. Əsərlərinin adlarına da baxanda bu görünür. Məsələn, "Əvvəl-axır yazılanlar”, "Tarixsiz gündəlik” və s. Bu əsərlərin hamısında tarix, keçmiş səyahətdən söz açılıb.
Onun əsərlərində ən çox keçmiş zamanın dəyişdirilmə arzusu, başqa bir variantı təklif etmək yer alır. Məsələn, yunan mifindən olan məşhur "Parisin seçimi” hekayəsində qəhrəman Paris Afroditanı seçir və Troya müharibəsi baş verir. Amma Kamal müəllimin variantında həmin Paris təklif olunan 3 variantdan başqa variantı seçir və tarixin gedişatı tamam başqa cür olur. Gözlənilməz keçidlər, zaman haqqında ayrı-ayrı variantları düşünmək Kamal bəyin yaradıcılığı üçün xarakterik cəhətlərdəndir.
Dünyada əsasən bir neçə yazıçı tipi var: bədahətən, nəyinsə üzərində düşünmədən birbaşa özünü yazı prosesinin içinə buraxan yaradıcı insanlar, bir də 20-ci əsrin 60-70-ci illərində sonra məşhurlaşan, yazdığı hər şeyi kiçik xırdalığına qədər axtaran, onun dərin qatlarına varan yazıçılar. Dünyada bu tipin nümunələri Umberto Eko və başqalarıdır. Kamal müəllimin Azərbaycan ədəbiyyatında müstəsna yeri həm də odur ki, o, intellektual prozanın yeganə nümayəndəsidir”.
Qeyd edək ki, Kamal Abdulla 4 dekabr 1950-ci ildə Bakıda anadan olub. Onun "Sehrbazlar dərəsi”, "Yarımçıq əlyazma”, "Unutmağa kimsə yox” və başqa əsərləri dünyanın müxtəlif ölkələrində nəşr edilib, mükafatlara layiq görülüb.