Müğənni Zamiq Hüseynov gözlənilən "Özü bilər” adlı yeni klipini təqdim edib.
"Dövran Media" xəbər verir ki, üç gündür "MTV Azərbaycan” kanalında yayımlanan layihə bu gün sənətçinin "Youtube” səhifəsinə yerləşdirilib.
Zamiq sözləri və musiqisi MC Murada məxsus mahnını reper Elşad Xose ilə duet şəklində ifa edib. Sənətçinin müzakirələrə səbəb olan layihəsinin rejissoru Şahin Qurbanovdur.
Zamiq bir neçə həftədir ki, danışılan obrazından söhbət açıb. O, klipdə "bomj” yox, küçə musiqiçisini canlandırdığını qeyd edib:
"Dünyanın müxtəlif ölkələrində küçə musiqisi ilə məşğul olanlar var. Hansı ki, həmin şəxslər arasında populyar olanlar, hətta albomları belə satışda olanlar var. Mənim də canlandırdığım küçə musiqiçisi kənardan baxımsız, kasıb obraz kimi görünəndə, lakin həyata bağlı, musiqi ilə yaşayan, öz görünüşündən, sürdüyü həyatdan razı və xoşbəxt bir obrazdır.
Yəni həyatını özü bildiyi kimi yaşayır, xarici görünüşcə "bomj”a oxşasa da, daxilən gözəl və zövqlüdür. Hətta klipdə bir kadr var ki, musiqiçi güzgüyə baxır və özünü yaraşıqlı, gözəl geyimli Zamiq Hüseynov kimi görür. Fikirləşdim ki, illərdir Zamiq baxımlı, rəngarəng və xanımların əhatəsində kliplər çəkdirir. Bu mahnını eşidən kimi fərqli bir obrazı canlandırmaq istədim. Bundan sonra da özümü maraqlı rollarda sınayacam”.
Zamiq açıqlamasında qeyd edib ki, ekran işinin çəkilişləri 48 saat davam edib:
"Klipi iki gün ərzində çəkdik. Deyərdim ki, bu klipim üzərində böyük bir komanda çalışıb. 18 nəfər aktyordan ibarət olan bu layihə fərqli məkanlarda çəkildi, iki gün gecə saatlarınadək davam etdi. Sonunda "Özü bilər” adlı bəyəndiyim bir layihə ortaya çıxdı. İndi isə klipimi sizin öhdənizə buraxıram
Bu məqamda bildirək ki, sənətçinin tərəf müqabili Elşad Xose layihədə sürücü obrazını canlandırıb.