Parisdə son 50 ilin ən böyük qiyamı 133 yaralı var - FOTO
03.12.2018
Fransada son 50 ilin ən böyük kütləvi iğtişaşları və küçə aksiyaları yaşanıb. Aksiyalar hələ də səngimək bilmir.
Yanacaq tariflərinin artırılmasına və vergi qanunvericiliyinə edilən dəyişikliklərə etraz edən on minlərlə fransalı "sarı jiletlilər" ("gilets jaunes") aksiyalarına başlamışdılar.
"Dövran Media" Milli.Az istinadən bildirir ki, Daily Mail-in məlumatına görə aksiyalarda polislə toqquşmalarda indiyədək minlərlə avtomobil yandırılıb, 133 nəfər yaralanıb.
Fransanın hakimiyyət dairələri kütləvi iğtişaşların qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqin mümkünlüyünü nəzərdən keçirir.
Bunu Fransa hökumətinin təmsilçisi Bencamin Qrivo deyib: "Prezident, baş nazir və daxili işlər naziri məsələ ilə bağlı müzakirələr aparırlar".
"Sarı jiletlər"in aksiyalarının miqyası şənbə və bazar günlərində Parisdə misli görünməmiş miqyas alıb.
Paris prefekturasının rəsmi açıqlamasına görə, toqquşmalarda 133 nəfər yaralanıb. Onların 23-ü polis əməkdaşlarıdır. 270 nəfər həbs olunub.
Fransa telekanallarının yaydıqlarına görə, kütləvi iğtişaşların və toqquşmaların təşkilatçıları "sarı jiletlilər"in sıralarındakı ifrat sağçılar və radikal solçulardır.
Aksiyanın "sarı jiletlilər" adlanmasının səbəbi nümayişçilərin əyinlərində sarı jilet olmasıdır. Fransada yük maşınlarının bütün sürücüləri sükan arxasında olarkən mütləq bu jileti geyinməlidir.
Fransa hökumətinin qərarına görə, 2019-cu lin əvvəlindən etibarən ölkədə yanacağa tətbiq olunan vergilər artacaq. Halbuki Fransada ən çox istifadə olunan yanacaq növü dizelin qiyməti ilin əvvəlindən bəri 23 faiz artıb. İndi Fransada 1 litr dizel yanacağı 1,51 avrodan satılır.
Rəsmi Paris yanacaq vergisini ekoloji təmiz energetikanın inkişafını dəstəkləmək üçün artırır. Lakin sıravi fransızlar hesab edirlər ki, bunun əsl səbəbi biznes və investorlar üçün vergi güzəştlərinin edilməsi nəticəsində büdcədə yaranmış "dəlik"ləri ört-basdır etmək üçündür