“Böyük beşlik”də ən maraqlı oyunları
01.12.2018
Bu həftə sonu "Böyük beşlik” ölkələrində bir-birindən maraqlı qarşılaşmalar keçirəcək.
"Dövran Media" ənənəsinə sadiq qalaraq hər beş çempionatdan həftənin ən maraqlı görüşünü təqdim edir:
1 dekabr, 18:30. "Verder” - "Bavariya”
Münhenin "Bavariya” klubu yerli çempionatda keçirdiyi son 3 oyunda qələbə üzünə həsrət qalıb. Hətta Çempionlar Liqasında "Benfika” üzərindəki 5:1 hesablı qələbə münhenli azarkeşlərin qəzəblərini soyutmayıb. "Verder” klubunun da vəziyyəti rəqibindən fərqlənmir. 7-ci sırada qərarlaşan komanda çempionatda keçirdiyi son 4 oyunda qələbə qazana bilməyib. Meydan sahibləri bu oyunda qələbə qazansa, bundesliqadakı 4-cü pilləyə yiyələnə bilər.
1 dekabr, 21:00. "Fiorentina” - "Yuventus”
"Yuventus” A seriyasının yeganə məğlubedilməz komandasıdır. "Fiorentina” isə yerli çempionatda keçirdiyi son 5 oyunda rəqibləri ilə sülh bağlayıb. Hər iki komandada zədəli futbolçular var. "Fiorentina”da Pyaca və Pezella, "Yuventus”da isə Emre Can və Sami Hedira zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
1 dekabr, 23:45. "Real Madrid” - "Valensiya”
Hazırda La Liqada 6-cı sırada qərarlaşan Madridin "Real” klubu ötən tur "Eybar” komandasına 0:3 hesabı ilə məğlub olub. Elə "Valensiya” klubunda da vəziyyət ürəkaçan deyil. Komanda 11-ci yerdə qərarlaşıb. Madrid klubunu məğlub edəcəyi halda "Valensiya” vəziyyətini qismən yaxşılaşdıra bilər.
2 dekabr, 17:30. "Feyenoord” - "PSV Eyndhoven”
PSV klubu yerli çempionatda keçirdiyi son 13 oyunda qələbə qazanıb. "Feyenoord” hazırda 3-cü pillədədir, liderdən 13 xal geridə qalan komanda bir oyun az keçirib.
2 dekabr, 18:05. "Arsenal” - "Tottenhem”
Ötən turda "Çelsi”ni büdrədən "Tottenhem” bu dəfə "Arsenal”ı sınağa çəkəcək. Qeyd etmək yerinə düşər ki, bu il "Arsenal” klubu əla mövsüm keçirir. Əgər bu oyunda "Arsenal” qələbə qazansa, "Tottenhem”lə xalını bərabərləşdirəcək.