21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

G-20 sammiti nə ilə nəticələnəcək? - AÇIQLAMA

01.12.2018

Argentinada keçirilən G-20 sammitindən gərginliklərin azadılmasına gətirib çıxardacaq nəticə gözlənilmir.
Bu sözləri açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, sammit problemlərin daha da artdığı bir ərəfədə keçirildiyindən işgüzar mühitin olacağı da sual altındadır:
"Hələlik dövlət başçıları ikitərəfli görüşlər keçirməklə gündəmi doldurmağa çalışır. Bu görüşlərin çoxu isə nominal xarakter daşıyır. Çünki elə dövlətlər var ki, bir-birinə münasibətləri müsbət, ya mənfi mənada əvvəldən bəllidir. Yeni nəsə əldə olunmayacağı bəllidirsə, görüşlərin əhəmiyyəti də yoxdur”.
Ekspert vurğulayıb ki, əsas olaraq birlikdə qəbul edilən qərarlar, perspektiv planlar daha vacibdir:
"Bu sammitdə açar görüş kimi Tramp və Putinin ikitərəfli görüşü razılaşdırılmışdı və gözlənilirdi. Amma Tramp bu görüşdən imtina etdi. Hətta qrup şəkli çəkilən zaman hamı ilə görüşən Tramp Putinlə əllə görüşmədi. Almaniya kansleri Merkel isə təyyarəsində yaranmış problem üzündən sammitin birinci gününə qatılmamaqla ilk gündə növbəti boşluğu yaratdı”.
Ekspertin sözlərinə görə, Skripalın zəhərlənməsi səbəbilə aralarında gərginlik olan Rusiya və Böyük Britaniya arasında münasibətlər də normal deyil:
"Bu sammitdə də Baş nazir Tereza Meyin mövqeyində yumşalma olmayacağı proqnozlaşdırılır. Amma maraqlı məqamlardan biri odur ki, Qaşıqçının qətlində ittiham olunan Səudiyyə Ərəbistanı vəliəhdi Putin və Trampla çox isti və yaxın bir dost kimi görüşdü. İlk növbədə bu fakt dünya mediasının da diqqətindən qaçmadı”.
Ekspert bildirib ki, ümumiyyətlə, sammitdə dünyadakı təhlükəsizlik problemlərini çözə biləcək böyük addımların atılacağına şübhə ilə yanaşır.
Qeyd edək ki, dünən Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti öz işinə başlayıb. İki gün davam edəcək sammitdə 19 ölkə lideri və Avropa Birliyindən olan nümayəndələr iştirak edir, 3 mindən çox jurnalist isə sammiti canlı izləyir.