Plastik torbalar ödənişli ola bilər
30.11.2018
Azərbaycanda, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib".
"Dövran Media" xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.
Onun sözlərinə görə, Nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılıb: "Ölkəmizdə də geniş istifadə olunan plastik torbaların ödənişli satışına keçid üçün hazırlıq işlərinə başlanılıb. Bununla bağlı müvafiq istehsalçılarla görüş keçirilib və onlar tərəfindən təqdim olunan təkliflərə də baxılacaq".
M.Nəbiyev bildirib ki, problemin aktuallığını nəzərə alaraq plastik qablaşdırma tullantılarının idarə olunmasının yaxşılaşdırılması və bu tullantıların toplanması işlərinin düzgün təşkili və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan maarifləndirmə tədbirləri hazırda davam edir: "Bu tullantıların digər tullantılardan ayrıca toplanması üçün Nazirliyin təşəbbüsü ilə ölkə üzrə xüsusi konteynerlərin yerləşdirilməsi işlərinə başlanılıb".
Sektor müdiri qeyd edib ki, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində, ümumilikdə, 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib: "Sevindirici haldır ki, artıq yerli icra hakimiyyəti orqanları, Mənzil Kommunal Təsərrüfatı Birliyi idarələri, bələdiyyələr, yerli sahibkarlar, iri sənaye müəssisələri də bu təşəbbüsə dəstək verməyə başlayıb. Təşəbbüsün ilkin mərhələsində məqsədimiz tərəfimizdən başlanılan bu işin digər aidiyyəti qurumlar tərəfindən davam etdirilməsi olub".