“Milton” qasırğası Floridada azı iki nəfərin həyatına son qoyub
10.10.2024
"Milton” qasırğası ABŞ-ın Florida ştatının Sent-Lusi dairəsində azı iki nəfərin ölümünə səbəb olub.
AZƏRTAC "NBC News” telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin bir neçə nəfər xəsarət alıb.
Qeyd edək ki, "Milton” qasırğası bu gün səhər saatlarında Florida ştatının qərb sahilinə çatıb. Hazırda o, sentyabrın sonunda ABŞ-ı vuran "Helen” qasırğasından daha zəifdir.
ABŞ Prezidenti Cozef Bayden oktyabrın 7-də Florida ştatına yaxınlaşan "Milton” qasırğası səbəbindən fövqəladə vəziyyət rejiminin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsini tapşırıb.
Mütəxəssislərin hesablamalarına görə, "Milton” Floridanın qərb sahillərinə, o cümlədən əhalinin sıx məskunlaşdığı Tampa körfəzinə hündürlüyü 3 metrdən çox olan dalğalar gətirəcək.
07:40
ABŞ-ın Florida ştatının Sent-Lusi dairəsinin rəsmiləri "Milton” qasırğası nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə "WPBF 25 News” məlumat yayıb.
Səlahiyyətlilər polis nümayəndələri və yanğınsöndürənlərin zərərçəkmişlərə yardım göstərmək və əməliyyat-axtarış tədbirlərini davam etdirmək üçün dağılmış ərazilərə baxış keçirdiyini bildiriblər. Təbii fəlakət qurbanlarının dəqiq sayı açıqlanmayıb.
Bundan əvvəl regional Fövqəladə Hallar Agentliyi Floridada qasırğa nəticəsində 125-ə yaxın evin dağıldığını bildirmişdi.