21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüş

08.04.2024


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov aprelin 6-da İstanbulda Türkiyədə yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) nəzdində Türkiyədə Yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyi təsis edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi və TADEF-in birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürk, eləcə də şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Görüşdə çıxış edən TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə yaradılan yeni dərnəyin nizamnaməsi, loqosu və İdarə Heyətinin müvəqqəti üzvlərinin müəyyənləşdirildiyini deyib.

Bildirilib ki, yaxın vaxtlarda Türkiyədə fəaliyyət göstərən elm adamlarının qurultayı keçiriləcək və burada dərnəyin yeni İdarə Heyəti təsdiqlənəcək.

Müəyyən problemlərin elmi şəkildə çatdırılmasında dərnəyin mühüm rol oynayacağını vurğulayan müşavir, həmçinin federasiyanın fəaliyyəti barədə məlumat verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu il fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində xaricdə yaşayan azərbaycanlıların fəal iştirak etdiklərini xatırladıb.

Bu gün yaradılan dərnəyin gözlənilən olduğunu deyən Fuad Muradov bu birliyin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə və elmi baxımdan fəaliyyətin genişləndirilməsinə təkan verəcəyini diqqətə çatdırıb.

"Dünyada baş verən hadisələr onu göstərir ki, biz dünyada yaşayan soydaşlarımızı birgə işləməyə cəlb etməliyik və onların da buna marağı olmalıdır. Diasporun gələcək beş il üçün nəzərdə tutulan Yol Xəritəsində ziyalıların da dəstəyinə ehtiyac var və bu, təkcə diasporumuz üçün deyil, cəmiyyətimiz üçün də vacibdir”, - deyən komitə sədri aprelin 7-də Türkiyənin Kayseri şəhərində "Şuşa Azərbaycan Evi”nin açılacağını vurğulayıb. O, hazırda dünyanın 15 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini, bu kimi yeni evlərin yaradılması ilə bağlı çoxsaylı müraciətlərin olduğunu bildirib.

Dövlətimiz tərəfindən işğaldan azad olunan ərazilərimizdə aparılan inşa-yenidənqurma işləri barədə danışan Fuad Muradov diaspor nümayəndələrinin yaxın vaxtlarda Xankəndiyə səfər edəcəklərini deyib.

Komitə sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabatı iştirakçıların diqqətinə çatdırıb.

Sonra Türkiyədə yaşayan azərbaycanlı elm və mədəniyyət nümayəndələri fikirlərini bölüşüb, təkliflərini veriblər.

Tədbir çərçivəsində türkiyəli kardioloq, Ümummilli Lider Heydər Əliyevin müalicəsində yaxından iştirak etmiş professor Ertan Demirtaş, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə və jurnalist Sevil Nuriyevaya "Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Türkiyənin Çukurova Universitetinin professoru, rəssam İlham Ənvəroğluna isə "Tərəqqi” medalı təqdim olunub.

Professorlar Elşən Vəli və Sayyad Kocahan, eləcə də Türkiyədə fəaliyyət göstərən bir sıra Azərbaycan dərnəklərinin sədrləri "Diaspor sahəsində aktiv fəaliyyətinə görə” təşəkkürnamə ilə təltif ediliblər.

Tədbirdən sonra Fuad Muradov Türkiyədə tibb sahəsi üzrə təhsil alan və fəaliyyət göstərən həmvətənlərimizlə görüşüb.