Daha 35 ailəyə Füzulidə mənzil təqdim olunub
15.03.2024
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuli şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 35 ailə olmaqla, 153 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuliyə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.
Ailələr mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 562 ailə olmaqla, 2122 nəfərin daimi məskunlaşması təmin edilib.
Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.
12:17
Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan, Sumqayıt şəhərindən, eləcə də Abşeron, Beyləqan, İmişli və Füzuli rayonlarından yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağın dilbər güşələrindən olan Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 35 ailə olmaqla, 153 nəfər Füzuli şəhər sakini öz yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.
Bununla da Füzuli şəhərində 562 ailənin, yəni 2122 nəfərin məskunlaşması təmin edilib.