Yuxu üzrə dünya çempionu kimdir?!
15.03.2024
Yuxu üzrə iki dünya çempionatının təşkilatçıları yeni turnirin təşkil edilməsi üzərində işləyirlər.
DM xarici mediaya istinadla xəbər verir ki, bu barədə turnirin təsisçilərindən biri olan Şeyn Tomson məlumat verib.
Bu il martın 15-i Ümumdünya Yuxu Günü elan olunub və bu, yaz bərabərləşməsindən əvvəl (martın 22-si) sonuncu cümə günündə qeyd edilir.
Yuxu üzrə dünya çempionatının keçirilməsi ideyası 2020-ci ildə, koronavirus pandemiyasının başlamasından az sonra yaranıb. Beynəlxalq bir qrup onun reallaşdırılmasını öz üzərinə götürüb və yeni bir turnir – yuxu yarışı təşkil olunub. Onlar zarafatla deyirdilər ki, bu, dünyada ən populyar idman növüdür: yarışda 7,8 milyard insan iştirak edə bilərdi.
Turnir üçgünlük seçmə mərhələsi ilə başlayıb. Əsas mərhələ beş gün davam edib. İştirakçılara arada istirahət və bərpa olunmaq üçün bir günlük fasilə verilib. Onlar olimpiya sistemi üzrə mübarizə aparıblar – təsnifat və sonradan finalın qalibi çempion elan edilib. Hər turun qalibi gündəlik həyatda yuxu və fiziki aktivliyi izləmək üçün istifadə edilən xüsusi elektron halqanın göstəriciləri əsasında müəyyən edilib.
Tomson yeni layihənin həyata keçirilməsinin təfərrüatlarına varmadan deyib: "Artıq iki ildir ki, bu turniri keçiririk, lakin indi fasilə vermişik, çünki yuxu cihazlarına qoşulan daha avtomatlaşdırılmış proqram yaradırıq”.
Turnirin keçirilməsi ideyasının həm də sosial funksiyası var idi. O, insanlara yuxunun vacibliyini xatırlatmalı idi, çünki yuxusuzluq sağlamlığa ciddi zərərli təsir göstərir.
Yuxuda yarışmaq İspaniyada icad edilib. 2010-cu ildə Madrid ilk və indiyə qədər yeganə milli siesta çempionatına ev sahibliyi etdi. İdeya La-Mançanın kiçik kəndi olan Tobarrada meydana gəlib və Santanderin təşəbbüs qrupu onu həyata keçirməyə başlayıb. Əsas məqsəd günorta yuxusu və istirahət ənənəsini qorumaq idi.
Təşkilatçılar deyirlər: "Yeməkdən sonra 20 dəqiqəlik yuxu axşam vaxtı iş qabiliyyətini artırmaq üçün kifayətdir. Bu məsələdə sizin əmək fəaliyyətiniz, təhsiliniz və ya idmanla məşğul olmanız heç bir əhəmiyyətə malik deyil”.
Yarışların əsasını da 20 dəqiqəlik yuxu müddəti təşkil edir. Turnir bir həftə yarım ərzində davam edib. Onun hər raundunda beş nəfər iştirak edib. Həkim nəbzölçən aparatın köməyi ilə yarış iştirakçılarının yuxuya getməsini müəyyən edib. Hər raundun ən yaxşı iki iştirakçısı mükafatlandırılıb (müvafiq olaraq 20 və 30 avro məbləğində). Qaliblər toplanılan xallara görə müəyyən edilib. Onlar yuxulama sürətinə, yuxunun hər dəqiqəsinə, zərifliyə, yuxu vaxtı xoruldama və ən orijinal mövqeyə görə mükafatlandırılıblar. Ən çox xal toplayan iştirakçı ümumi təsnifatın qalibi olub.
Turnirin qalibi Ekvadordan olan işsiz mühafizəçi elan edilib; 62 yaşlı Pedro Soria Lopez raundun başlamasından üç dəqiqə sonra 70 desibel gurultuda xorultu ilə siestasını müşayiət edərək yuxuya gedib. İstedadına görə o, 1 min avro məbləğində pul mükafatı alıb.