03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyada növbəti prezident seçkiləri olacaq

14.03.2024


Rusiyada martın 15-dən 17-dək növbəti prezident seçkiləri keçiriləcək. Rusiya prezidenti 6 il müddətinə seçilir və deməli, daha çox səs toplayacaq namizəd 2030-cu il mayın 7-dək ölkəyə başçılıq edəcək. Builki seçkilərin qalibinin inaqurasiya mərasimi mayın 7-ə təyin olunub. AZƏRTAC RF prezidenti seçkiləri ilə bağlı bəzi əsas məqamlara nəzər salır.

Rusiyada prezident seçkilərinin tarixi

İlk dəfə prezident vəzifəsi Rusiya Sovet Federativ Sosialist Respublikasında 1991-ci il martın 17-də keçirilmiş referendumla təsis edilib. İlk prezident seçkiləri isə 1991-ci il iyunun 12-də keçirilib. Ölkənin birinci rezidenti Boris Yeltsin 2000-ci ilədək Rusiyaya rəhbərlik edib. Həmin il keçirilən növbədənkənar prezident seçkilərində Federal Təhlükəsizlik Xidmətinin sabiq direktoru Vladimir Putin qələbə qazanıb.

Rusiyanın fəaliyyətdə olan Prezidenti

Bu il Vladimir Putin prezident seçkilərində beşinci dəfə iştirak edir. Bundan əvvəl 2000-ci, 2004-cü, 2012-ci və 2018-ci illərdə də o, prezident postuna seçilib. 2008-ci ilədək olan Konstitusiyaya əsasən Rusiyada bir namizəd yalnız iki dəfə ölkə prezidenti vəzifəsini tuta bilərdi. Bu səbəbdən Putin 2008-ci il seçkilərində iştirak etməyib. 2008-2012-ci illərdə ölkə başçısı vəzifəsini Dmitri Medvedev tutub. Eyni zamanda, 2008-ci ildə prezidentlik müddəti 5 ildən 6 ilədək artırılıb və bu qayda 2012-ci ildən tətbiq edilməyə başlanıb.

2020-ci ildə ümumrusiya səsverməsi ilə qəbul olunmuş Konstitusiyaya dəyişikliklər nəticəsində Putinin növbəti seçkilərdə iştirakı mümkün olub. Beləliklə o, 2024-cü və 2030-cu illərdə prezident seçkilərində iştirak etmək imkanı qazanıb.

Rusiyada prezident seçkiləri zamanı səslərin 50 faizdən çoxunu toplamış namizəd qalib hesab olunur. Səsvermədə 50 faizdən çox səs toplayan namizəd olmazsa, qalib üç həftədən sonraya təyin olunan ikinci turda müəyyən edilir.

Prezidentliyə namizədlər

Federal qanuna əsasən, yaşı 35-dən az olmayan, Rusiyada azı 25 il yaşayan RF vətəndaşı prezident seçkilərində namizədliyini irəli sürə bilər. Bundan əlavə, namizədə qarşı bir sıra digər tələblər də irəli sürülür. Məsələn, prezidentliyə namizədin müddəti keçməmiş ağır cinayətlərə görə məhkumluğu, xarici vətəndaşlığının olması və digər şərtlər nəzərə alınır.

Seçkilərdə ya müstəqil olaraq, ya da qeydiyyatdan keçmiş partiyanın namizədi kimi iştirak etmək mümkündür.

Bu il Rusiya Mərkəzi Seçki Komissiyasına 33 namizəd müraciət edib. Hazırda seçkilərdə 4 namizəd prezident postu uğrunda mübarizə aparır.

Hazırkı Prezident Vladimir Putin 2023-cü il dekabrın 8-də müstəqil namizəd kimi seçkilərdə iştirakını elan edib. Onun namizədliyini "Vahid Rusiya”, "Ədalətli Rusiya – Həqiqət uğrunda”, "Pensiyaçılar partiyası”, "İş partiyası” partiyaları dəstəkləyib. Proqnozlara görə, o, səslərin 80 faizdən çoxunu toplaya bilər.

Dövlət Dumasının 40 yaşlı deputatı Vladislav Davankovun namizədliyi "Yeni insanlar” ("Novıye lyudi”) Partyası tərəfindən irəli sürülüb. Sosioloqlar onun 4,5 faiz səs toplayaraq üçüncü yerə çıxacağını bildirirlər.

Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri, 56 yaşlı Leonid Slutskinin namizədliyini üzvü olduğu partiya irəli sürüb. Slutski Vladimir Jirinovskinin vəfatından sonra partiyanın sədri seçilib. O, Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif olunub. Ekspertlərin rəyinə görə, Slutski seçicilərin 4-5 faizinin səsini toplayaraq, 4-cü yerdə qərarlaşa bilər.

Dövlət Dumasının daha bir deputatı, Rusiya Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 75 yaşlı Nikolay Xaritonov 2004-cü ildə də prezident seçkilərində iştirak edib. O zaman Xaritonov səsvermənin nəticələrinə görə, ikinci yeri tutmuşdu. Sosioloqlar onun bu seçkilərdə də eyni yeri tutacağını proqnozlaşdırırlar.

Xarici müşahidəçilər və xaricdə səsvermə

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərində 1000 nəfərədək xarici müşahidəçi iştirak edəcək. Bu, MDB ölkələrindən, o cümlədən Azərbaycandan, habelə Banqladeş, Venesuela, Kamboca, Namibiya, Kamerun, Myanma, Tailand, Serbiya, Zimbabvedən və bir sıra beynəlxalq təşkilatlardan olan müşahidəçilərdir.

MSK 2 milyon rusiyalının ölkə hüdudlarından kənarda səs verəcəyini bildirib. Rusiyanın diplomatik nümayəndəliklərinin olduğu bütün ölkələrdə 288 seçki məntəqəsi fəaliyyət göstərir.