Ukraynanın müdafiə naziri: Krım körpüsünə hücumlar davam edəcək
25.07.2023
Ukraynanın müdafiə naziri Oleksi Reznikov Krım körpüsünə yenidən zərbələr endiriləcəyini bildirib.
Nazir bu barədə CNN telekanalının efirində Krım körpüsünün sıradan çıxarılması ilə bağlı suala cavabında deyib.
"Düşməni daha çox sursat, yanacaq, ərzaq və başqa təchizatlardan məhrum etmək üçün onun logistik xətlərini dağıtmaq normal taktikadır. Buna görə də həmin taktikadan istifadəni davam etdirəcəyik”, - deyə Oleksi Reznikov qeyd edib.
Bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski Krım körpüsünü neytrallaşmalı olan hədəf adlandırmışdı.
Xatırladaq ki, iyulun 17-nə keçən gecə Ukraynaya məxsus suüstü pilotsuz aparatlar Krım körpüsünə hücum edib. Hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Körpüdə avtomobillərin hərəkəti dayanıb.