23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekspertlər: Su çatışmazlığı yeni regional münaqişələrə səbəb ola bilər

22.07.2023



Dünya uzun müddətdir ki, qiymətli təbii sərvətlər uğrunda münaqişələrlə çalxalanır. Bununla belə, XX əsrin ortalarından etibarən ölkələr su qıtlığının yaxınlaşan təhlükəsini həmişəkindən daha kəskin şəkildə dərk edirlər.

Dünyada əhalinin sayının sürətlə çoxalması, sənayenin inkişafı və istehsal tələbləri suya olan tələbatı daha da artırıb. Ekspertlər hesab edirlər ki, Avropa və Şimali Amerikada sənayeləşmənin yaratdığı iqlim böhranı bu problemi dərinləşdirib. Su, həmçinin müxtəlif tərəflərin digər qazanclarını təmin etmək üçün təzyiq mənbəyi kimi istifadə edilib. Son 70 ildə su elektrik enerjisinin istehsalına və suvarma şəbəkələrinin yaradılmasına yönəlmiş bənd tikintisində əhəmiyyətli artım müşahidə olunub. Bu, xüsusilə çayların mənşəyi olan ölkələrə aiddir.

Su ehtiyatları ilə bağlı narahatlıq bu gün fəlakətli eskalasiyadan xəbər verən münaqişələr şəklində özünü büruzə verməyə başlayıb. Xüsusən, səhrada vahə kimi sularını çaylarla təmin edən qonşu ölkələr arasında mövcud vəziyyət dözülməz olub. Belə ki, 30 ildir quraqlıqdan əziyyət çəkən İran mənşəyini Əfqanıstandan götürən Helmand çayından gələn su təchizatının azalmasından narahatdır. Keniyada maldarlıq və ovçuluqla məşğul olan yüz minlərlə insanın dolanışığını təmin edən Turkana gölünün tükənməsi səbəbindən ictimai gərginlik artır. Gölün su səviyyəsinin azalmasına qonşu Efiopiyada suyunun 90 faizindən çoxu ilə geniş səhra gölünü təmin edən Omo çayı üzərində Gebe bəndinin istismarı səbəb olub.

Şimali Afrikanın üç ölkəsi – Misir, Efiopiya və Sudan arasında uzun müddətdir mübahisə obyekti olan "Böyük Efiopiya Dirçəliş Bəndi” regionda yeni münaqişə mənbəyinə çevrilə bilər. Artıq rəsmi Qahirə problemin həllinə müdaxilə etməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb. Rəsmi Qahirə bəyan edib ki, Nil çayının suyundan səmərəli istifadəyə dair ədalətli razılaşma Şimali Afrikanın hər üç ölkəsinin maraqlarına uyğundur. Misir Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, yeni növ koronavirus pandemiyası dövründə bəndin su ilə doldurulması nəticəsində yarana biləcək quraqlıq regionda humanitar fəlakətə gətirib çıxaracaq.

Su çatışmazlığı ilə bağlı münaqişələr təkcə bu ölkələrə aid deyil, əksinə, həm Şərq, həm də Qərb xalqlarına təsir edən qlobal fenomenin bir hissəsidir. Dünyadakı su böhranının həlli yollarından biri dəniz suyunu duzsuzlaşdırmaq üçün ucuz texnologiyaların işlənib hazırlanmasıdır. O vaxta qədər su ilə bağlı gərginlik və münaqişələrin davam edəcəyi ehtimalı var.