İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan edib
21.07.2023
Stokholmda "Qurani-Kərim”in növbəti dəfə təhqir edilməsi aksiyasından sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan edib.
Əvvəllər Stokholmdakı mərkəzi məscidin qarşısında "Qurani-Kərim”in nüsxəsini yandıran 36 yaşlı iraqlı qaçqın Salman Momika iyulun 20-də İraqın İsveçdəki səfirliyinin binasının önündə müsəlmanların müqəddəs kitabını təhqir edib. Bu vandal hərəkət İsveç polisinin razılığı ilə törədilib və İraqda geniş etirazlara səbəb olub. Belə ki, etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasının yandırıb.
Eyni zamanda, İraq hökuməti İsveçin səfirindən dərhal ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini də Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı da irəli sürülüb.
İraqın rabitə naziri Xəyyam əl-Yasiri elan edib ki, İsveçin İraqda fəaliyyət göstərən bütün kompaniyaları ilə əməkdaşlıq qadağan edilir. Bundan başqa, İsveçin məşhur "Ericsson” telekommunikasiya şirkətinin fəaliyyətinə verilmiş lisenziya da ləğv olunub.
İsveçin Xarici İşlər Nazirliyi, öz növbəsində, xüsusi bəyanatla çıxış edərək Bağdadda diplomatik nümayəndəliyə edilən hücumu qətiyyətlə pisləyib və onu qəbuledilməz adlandırıb. Krallığın xarici işlər naziri Tobias Billström bəyan edib: "İraq hakimiyyəti Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin və diplomatik personalın müdafiəsi üzrə birmənalı olaraq məsuliyyət daşıyır. Aydındır ki, İraq hökuməti bu öhdəliyi yerinə yetirməyib”.
Qeyd edək ki, İsveçdə "Qurani-Kərim”in təhqir edilməsinin müəyyən tarixçəsi var. 2021-2022-ci illərdə belə aksiyalar İslamın əleyhdarı olan sağçı radikal siyasətçi Ramus Paludan tərəfindən keçirilirdi. Onlar İsveçin müxtəlif şəhərlərində kütləvi etirazlar və toqquşmalarla müşayiət olunurdu. Bunun ardından İsveçin xüsusi xidmət orqanları ölkə polisinə bu aksiyaların vətəndaşların həyatına və Krallığın özünə qarşı yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq etdilər. Bu tövsiyələrə əsaslanan Stokholm polisi yeni aksiyaların keçirilməsi ilə bağlı bir neçə müraciəti rədd etdi. Lakin sonradan İsveç məhkəməsi ölkədə söz azadlığına zidd hesab etdiyi bu qadağanın qanunsuz olması barədə qərar çıxardı və bunun ardından iraqlı qaçqın növbəti aksiya keçirdi.