İraq İsveçlə diplomatik əlaqələrini kəsəcəyi barədə xəbərdarlıq edib
20.07.2023
İraq Stokholmda Quran yandırmaq üçün ikinci etiraz aksiyası keçirilərsə, İsveçlə diplomatik əlaqələrini kəsəcəyi barədə xəbərdarlıq edib.
Bu barədə İraq Baş nazirinin Ofisinin yaydığı məlumatda bildirilib.
"İraq hökuməti diplomatik kanallar vasitəsilə İsveç hökumətini məlumatlandırıb ki, İsveç torpağında "Qurani-Kərim"in yandırılması ilə bağlı insidentin təkrarlanması diplomatik əlaqələrin kəsilməsini zəruri edəcək", - İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin ofisindən verilən açıqlamada deyilir.
Bəyanatda "sülhə təhlükə yaradan, zorakılıq və nifrət mədəniyyətini təşviq edən” bu cür "təxribatçı” hərəkətlər pislənb.
Bəyanatda qeyd olunub ki, iraqlı etirazçıların İsveçin Bağdaddakı səfirliyinə od vuraraq Quranın yandırılmasına etiraz etməsindən sonra Baş nazir Sudani yüksək səviyyəli təhlükəsizlik və diplomatik rəsmilərlə görüşüb. Görüş zamanı rəsmilər "İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını qətiyyətlə pisləyərək, bunu təcili tədbirlər görülməsini tələb edən ciddi təhlükəsizlik pozuntusu kimi qiymətləndiriblər.
Fövqəladə iclas zamanı Bağdaddakı İsveç səfirliyinin yandırılmasına görə məsuliyyət daşıyan həbs edilən şəxslərin ədliyyə orqanlarına təhvil verilməsi qərara alınıb".
Bəyanatda deyilir ki, İraq "bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini və müdafiəsini təmin etmək öhdəliyini bir daha təsdiqləyir və onlara qarşı yönələn istənilən hücuma qarşı durmağa söz verir”.
İraq təhlükəsizlik mənbəsinin AFP-yə verdiyi məlumata görə, İsveç səfirliyi qarşısında etiraz edən 20-yə yaxın şəxs nəzarətə götürülüb.