Ərəb mediası Azərbaycan XİN-in bəyanatını dərc edib
17.07.2023
Ərəb ölkələrinin nüfuzlu "Ər Riyad”, "Əl Bəyan”, "Əl Hürrə”, "Aşarq”, "Əl Ğad”, "Əl Qahira” qəzet və portallarında "Azərbaycan Moskvanın üçtərəfli Bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etmədiyini bəyan edib” sərlövhəli xəbər dərc ediblər.
AZƏRTACxəbər verir ki, materiallarda Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı şərh olunub. Xəbərdə bildirilib: "Rəsmi Bakı Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsini və şərtləndirməsini qəbuledilməz hesab edib”.
Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanın xarici siyasət idarəsi Bakının 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəf və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifi olduğunu xatırladıb. XİN, həmçinin bəyan edib ki, Azərbaycan tərəfi hazırda da sülh müqaviləsinin irəliləməsi istiqamətində əməli addımlar atır, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirir.
Sonda qeyd olunub ki, Azərbaycan XİN sözügedən üçtərəfli Bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfinin bəyanatın bir çox müddəalarını yerinə yetirmədiyini və Rusiya tərəfinin öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etmədiyini vurğulayıb.