DYP mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
17.07.2023
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən AZƏRTAC bildirilib ki, müraciətdə hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmaq, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etmək, sürət həddini yol və hava şəraitə uyğun seçmək, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinmək xahiş edilir.
"Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”, - müraciətdə deyilir.