İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası tərəfindən "Ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik edən dini nifrətlə mübarizə haqqında” qətnamənin qəbul edilməsini müqəddəs kitabların təhqir olunması və dini dözümsüzlüyün rədd edilməsi üzrə kollektiv səylərin gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.
AZƏRTAC təşkilatın Baş katibliyinin yaydığı bəyanata istinadla xəbər verir ki, İƏT sözügedən qətnamənin BMT İnsan Hüquqları Şurasının 53-cü sessiyasında İƏT Ölkələri Qrupunun Cenevrədə keçirilən iclasının sorğusu əsasında "Qurani-Kərim”in nüsxələrini Avropa və digər ölkələrdə təhqir edən bir sıra təxribat xarakterli aktlara cavab olaraq qəbul edildiyini diqqətə çatdırıb.
Bəyanatda deyilir: "Qəbul edilmiş qətnamədə müqəddəs "Qurani-Kərim”ə qarşı son zamanlar açıq və qəsdən törədilmiş təhqirlər pislənilir və bu dini nifrət aktlarının günahkarlarının dövlətlərin beynəlxalq insan hüquqları hüququndan irəli gələn öhdəliklərinə uyğun olaraq məsuliyyətə cəlb edilməsinin zəruriliyi vurğulanır. İƏT, həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını və bütün müvafiq təşkilatları dini nifrətin təbliğinə qarşı qətiyyətlə çıxış etməyə çağırır. Təşkilat BMT İnsan Hüquqları Şurasından dini nifrətin səbəblərini və təzahürlərini aydınlaşdırmağı, ictimai və qabaqcadan hazırlanmış hərəkətlərin qarşısının alınmasına və təqib edilməsinə mane olan qanunlar, siyasətlər, təcrübələr və hüquq-mühafizə orqanlarında mövcud boşluqları müəyyən etməyi və dini nifrət aktlarına qarşı mübarizəyə yönəlmiş tədbirlər təklif etməyi xahiş edir”.
İƏT vurğulayıb ki, bu qətnamə vasitəsilə dövlətlər dini nifrət aktlarının və təbliğatının qarşısını almaq, onlara qarşı mübarizə aparmaq üçün milli qanunlar və siyasətlər qəbul etməyə təşviq edilir. Təşkilat həmişə beynəlxalq ictimaiyyəti müqəddəs kitabların təhqir olunması, ksenofobiyanın artması, islamofobiya, irqçilik, din və ya inanc əsasında ayrı-seçkilik, nifrət nitqi və zorakılığa təhrik kimi halları ilə qətiyyətlə mübarizə aparmağa çağırıb. "İƏT qəti şəkildə inanır ki, BMT İnsan Hüquqları Şurası tərəfindən tarixi qətnamənin qəbulu dini nifrət, habelə zorakılığa çağırış təzahürlərinin qarşısının alınmasına yönəlmiş kollektiv səylər baxımından yeni dövr açacaq”, -deyə sənədin sonunda bildirilir.